Məşhur muğam ustası Qoçaq Əsgərovun fransız caz ustası Pyer de Treqomenlə birgə “Muğham souls” albomu işıq üzü görüb.
Oxu.Az Report-un Fransa bürosuna istinadla məlumat verir ki, bu münasibətlə 26 noyabrda Parisin San-Jülyən-le-Povr kilsəsində konsert baş tutacaq.
İtaliyada işıq üzü görən bu disk musiqi dünyasında əlamətdar hadisə olub. Albom caz musiqisi ilə YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısında yer almış, sufi ənənəsini özündə əks etdirən muğamın birgə uğurlu ifası ilə ərsəyə gəlib. Bu iki musiqi janrı bir-birinə linqvistik və emosional oxşarlıqlarla bağlıdır.
Qoçaq Əsgərov və Pyer de Treqomen muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların qərb melodiya çalarları ilə uğurlu sintezini böyük ustalıqla ərsəyə gətiriblər.
Bu iki musiqi ustadını kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət edəcəklər.
A.S.
www.oxu.az