Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda "Dayı 2" filminin qala gecəsi keçirildi
Bakıda "Dayı 2" filminin qala gecəsi olub.
Filmdə baş rolda oynayan Ufuk Bayraktar Oxu.Az-a müsahibə verib:
- Ölkəmizə xoş gəlmisiniz. Bildiyim qədərilə Azərbaycana ilk səfərinizdir. Bakını gəzmək imkanınız oldumu? Təəssüratlarınızı bizimlə bölüşməyinizi istəyirik.
- Bəli, bu gün bir qədər Bakını gəzmək, görmək qismət oldu. Bakının ab-havasını çox sevdim. Xüsusilə yeməkləriniz çox ləzzətlidir. Azərbaycandakı memarlıq nümunələri çox diqqətimi çəkdi. Avropada bir neçə ölkəni gəzmişəm, amma bura başqa cür gözəldir, həm də burada ürəyimiz olduğu üçün bizə daha doğma gəlir.
- Bu gündən "Dayı 2" filmi "CineMastercard" kinoteatrlarında yayımlanmağa başlayacaq. "Dayı 2" "Dayı 1" ilə müqayisədə izləyicilərə hansı yeni mesajlar verir?
- Ədalətsizlik etsəniz, başınıza iş gələcək. Ədalətli və vicdanlı olduğunuz, mərhəmətinizi qoruduğunuz müddətdə yıxılmaz qala olacaqsınız. Bu dünyada mənəvi aləmdə yüksəklik haradadırsa, yaşadığınız müddətdə o zirvədə olacaqsınız.
- İzləyicilər bu filmdə ən çox hansı duyğuları hiss edəcəklər?
- Dünyada ədalətsizliklər görəndə insan olaraq hamımız hiddətlənirik. Baş qəhrəmanımız həmin məqamlarla üz-üzə qalır və hər kəsin intiqamını alır. Bu məqamlarda hər kəsin ürəyini soyudacaq anlar yaşanır. Filmdə eyni zamanda da güclü mərhəmət duyğusu aşılanır, Məncə, izləyicilər bu filmdə mərhəmətlə ədaləti eyni tərəzidə görə biləcəklər.
- Filmin çəkilişləri zamanı yaşadığınız ən emosional məqamlardan birini bizimlə bölüşməyinizi istərdim.
- Bu barədə danışsam "spoiler" vermiş olacağam (gülür). Ən duyğulu anlar övladımla yaşadığım, onunla qurduğum dialoqlar zamanı yaşanıb. Filmin həmin hissəsində tamaşaçıların da çox təsirlənəcəyini, ağlayacağını düşünürəm.
- Bu film sizin üçün nə ifadə edir? Atanızın hekayəsini canlandırmaq sizə hansı hissləri yaşatdı?
- Bu film üçün çox çalışdım, özümə qapandım. 8-9 ay qapalı məkanda qaldım. Orada sadəcə film üzərində çalışıb hazırlaşdım. Qardaşımla (filmin rejissoru Uğur Bayraktar - red.) birlikdə işləmək qürurverici idi. Əvvəldə qardaşımı rejissor kimi qəbul etməkdə çətinlik çəkmişdim (gülür). İkinci filmdə isə bunu qəbul etdiyim üçün özümü qardaşıma təslim etdim. Uğurlu film olduğunu düşünürəm, izləyicilərimizin də bəyənəcəklərinə ümid edirəm.
- Atanızın həyatını ekranlaşdırmaqla bağlı necə qərar verdiniz? Bu barədə məlumat verə bilərsiniz?
- Mən hər zaman atamla bağlı belə bir "kabadayılık" filmi çəkmək istəyirdim. Bu, deyəsən, genetika, torpaqla bağlı məsələdir, çünki ailəmizin bir çox fərdində "kabadayılık" var. Mən həbsxanada olanda qardaşım bu istəyimi reallaşdırmaq üçün ssenarini yazmağa başlamağımı dedi. Mən bilmədim orada diqqətimi cəmləyib ssenarini yaza bilərəmmi. Qardaşım da mənim əhvalımı yüksək tutmaq və mənə dəstək olmaq üçün ssenarini özünün yazdığını və mən həbsxanadan çıxandan sonra filmi çəkəcəyimizi dedi. O, sadəcə ssenarini yazmaq istəyirdi, filmin rejissoru olmaq fikri yox idi, lakin yola çıxdıqdan sonra bu işi elə özünün görməli olduğunu düşündük. "Dayı 1"i çəkdik, çox sevildi, davamını istədilər. İndi də ikincinin uğurlu olacağını və izləyicilər tərəfindən filmin davamının gəlməyi barədə istəklər alacağımızı düşünürük.
- Bəs" Dayı 3"ün çəkiləcəyi gözlənilirmi?
- İnşallah, çəkiləcək.
- Uğur olsun, təşəkkür edirik!
Xatırladaq ki, 2022-ci ildə ekranlara çıxan "Dayı" filminin birinci hissəsi rəngarəng personajları və gözlənilməz süjet döngələri sayəsində tamaşaçıların böyük marağına səbəb olub. Uşaqlıqdan nadinc olan Cevahir İstanbula yollanır. Şəhər həyatının qəddar tərəfi ilə qarşılaşan o, quldurlara qarşı mübarizə aparmağa başlayır. Cinayətkarlara müqavimət göstərə bilməyən Cevahir özü də kriminal aləmin bir hissəsinə çevrilir, hörmət qazanır, həm də özünə təhlükəli düşmənlər qazanır.
İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn, daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.
Qeyd edək ki, filmin rejissoru Uğur Bayraktardır. Baş rollarda Ufuk Bayraktar, Yıldıray Şahinler, Cem Özer, Reha Özcan və Kadir Toprak çəkilib.
Aləmdə Nəsib
"CineMastercard" teqi üzrə xəbərlər
- "CineMastercard"da "Dayı: Bir Adamın Hikayesi 2" filminin ulduzu ilə görüş keçiriləcək
- Türk romantik dramı "Aşk Sadece Bir An" - yalnız "CineMastercard"da!
- "CineMastercard"da "Tur Rehberi" türk komediyası
- "CineMastercard"da "Bricit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib
- Yalnız "CineMastercard"da türk komediyası "Kutsal Damacana 5: Zombi"