“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək.
Festival ərəfəsində mərkəzdə KİV nümayəndələri ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib.
Daha sonra Natalya Jukova 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.
“Nine Senses Fest” beynəlxalq festivalı “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə keçirilir. “Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl (“Spirit, body, mind”) istiqamətləri arasında təcrübələr festivalıdır. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcək.
Biz dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət “hedlayner”lərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”, - deyə Natalya Jukova qeyd edib.
O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb:
“Festival üç məkanda keçiriləcək. Festivalın birinci günü, yəni 6 oktyabrda “The Club Port Baku”da, 7-8 oktyabr tarixlərində isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “SeaBreeze Event Hall”da keçiriləcək”.
Natalya Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb:
“Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə üç gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə bilərsiniz, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz.
Bundan əlavə, festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest/ “Instagram” səhifəsindən məlumatı ala bilərsiniz.
Hər kəsi festivalda gözləyirik”.
Qeyd edək ki, “Nine Senses” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaq.
Onu da xüsusi olaraq bildirək ki, tədbirin dörd “hedlayner”i olacaqdır:
İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalistdir;
Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. “Wu Ming Dao” şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir;
Mətanət Babayeva - psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri;
Nandan Qautam - müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan “CEO Artistic” yoqa məktəbinin ustadı və rəhbəridir. O, ABŞ-də təhsil alıb, “USA Today”də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.
Bildirək ki, əl işlərindən ibarət tematik yarmarka və “Qaranlıqda teatr” adlı musiqili proqram təşkil olunacaq. Festivalın sonunda isə “hedlayner” İmran Kriyanın canlı meditasiya konserti və məşhur müğənni Çingiz Mustafayevin canlı konsert proqramları təşkil olunacaq.
Festivalın əlaqə nömrələri:
(+99410) 310-02-03;
(+99455) 255-54-12.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər