Bu gün Azərbaycanın tanınmış dramaturq-şairi Hüseyn Cavidin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 1882-ci il oktyabr ayının 24-də Naxçıvanda ruhani ailəsində dünyaya gəlib.
İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
“Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunub.
Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıdıb.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. “Peyğəmbər"”(1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdı. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olub. (5.12.1941, İrkutsk vilayəti).
1982-ci il oktyabrın 26-da, 100 yaşının tamamından iki gün sonra şairin qəbri Vətəninə köçürülüb.