Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əfsanəvi Qendalf ekranlara qayıda bilər: "Heç kimə sivri papaq və saqqalı taxmağa icazə vermərəm"
Britaniyalı aktyor İan Makkellen Con Tolkinin kitabları əsasında çəkilmiş "The Lord of the Rings: The Hunt for Gollum" spin-off seriyasında yenidən Qendalf rolunu canlandıra bilər.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə məşhur aktyor müsahibələrinin birində açıqlama verib.
85 yaşlı aktyor yeni filmdə iştirakının sağlamlıq vəziyyətindən - ayaqlarının, ağciyərlərinin və beyninin fəaliyyətindən asılı olduğunu qeyd edərək, film yaradıcılarına tələsməyi məsləhət görüb.
"Əgər bunu özüm edə bilərəmsə, heç kimə sivri papaq və saqqalı taxmağa icazə vermərəm" , - deyə o vurğulayıb.
Qeyd edək ki, filmin premyerası 2026-cı ilə planlaşdırılıb.
Xatırladaq ki, Makkellen iyun ayında Londonda teatr tamaşası zamanı səhnədən yıxılıb. Bundan sonra onun aktyorluq karyerasını davam etdirə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. O, ilin sonuna qədər sağalacağını və gələcəkdə yeni layihələrdə iştirak etməyə ümid etdiyini bildirib.
MakKellen "Qızıl Qlobus" mükafatı laureatıdır. Bu mükafatı o, ABŞ-nin "Rasputin: Dark Servant of Destiny" (1996) filmində Rusiyanın son çarı II Nikolayın roluna görə alıb. O, "The Lord of the Rings: The Fellowship of the Ring" (2001) filmində Qendalf roluna və "God and Monsters" (1998) filmində Hollivud rejissoru Ceyms Ueyl roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
MakKellen Britaniyanın yeddi "Lorens Olivye" teatr mükafatı və ABŞ-nin "Toni" mükafatı laureatıdır. 1991-ci ildə o, teatr sənətindəki xidmətlərinə görə Kraliça II Elizabet tərəfindən cəngavər rütbəsinə layiq görülüb.
Rəylər