Martın 13-də Heydər Əliyev Mərkəzində “Sloveniya Günü” keçirilib.
Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq Azərbaycanda ilk dəfə keçirilən “Sloveniya Günü”nün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərin rəngarəngliyi ilə diqqəti cəlb etdiyini söyləyən A.Kərimli vurğulayıb ki, bugünkü mərasim də onlardan biridir. O, bu cür layihələrin millətlərin biri-birini daha yaxından tanımasında böyük rol oynadığını qeyd edib. “Bu gün biz Sloveniyanı, onun zəngin mədəniyyətini yaxından tanımağa imkan yaradacaq iki müxtəlif və böyük tədbirə start veririk. Onlardan birincisi “İki fərqi dünya” adlanan ata və oğulun incəsənət əsərlərinin sərgisi, digəri isə “Eroika” qrupunun təqdimatında konsert proqramıdır”, - deyə A.Kərimli qeyd edib.
O, tədbirin təşkilatçılarına – Sloveniyanın Azərbaycan Respublikasındakı səfirliyinə və Sloveniyanın fəxri konsulluğuna minnətdarlığını bildirib və fəxri konsulluğun qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmlənməsi istiqamətindəki işlərini xüsusilə qeyd edib.
Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek çıxışında bildirib ki, belə bir gözəl məkanda - Heydər Əliyev Mərkəzində son altı ay ərzində ikinci dəfə insanlarla görüşmək fürsəti qazanıb. Onun sözlərinə görə, belə tədbirlər Azərbaycan ilə Sloveniya arasındakı əlaqələrin olduqca yüksək inkişafından xəbər verir. “Bu gecə sloveniyalı məşhur sənətçisi Lyuben Dimkaroski dünyanın ən qədim fleytasında səsləndirəcəyi musiqi nömrələri ilə bizim hamımızın zövqünü oxşayacaq. Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 65 min il yaşı var. Bu musiqi aləti neandertal insan dövründə icad edilib. Sadə, bir neçə dəliyi olan bu musiqi alətinin sehrində biz həmin dövrlərin ruhunu hiss edəcək, eyni zamanda müasir musiqi əsərlərini dinləyəcəyik. Eyni zamanda biz rənglərin səyahətinə də çıxacağıq. Belə ki, Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərlərinin bənzərsiz rənglər dünyasında 18 rəngin nələr yaratdığını seyr edəcəyik”, -deyə səfir qeyd edib.
Tədbir iştirakçıları əvvəlcə Peter və Joze Ciuhaların əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə müəlliflərin abstraksiya, müasir incəsənət janrlarında akvarellə çəkilmiş rəsmləri, eləcə də kompüter qrafikasının köməyi ilə işlənmiş əsərləri nümayiş etdirilib.
Sloveniya sənətçisi Lyuben Dimkaroski isə dünyanın ən qədim fleytasında milli musiqilər ifa edib.
Sonra tədbir iştirakçıları, Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konsertini dinləyiblər. Qrupun prodüseri, dirijor Patrik Qreblo tamaşaçıları salamlayaraq Azərbaycan səhnəsində çıxış etməkdən məmnun olduqlarını bildirib. Matyaz Robavs (bariton), Alyaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət qrup tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxıb. Qrup üzvləri tamaşaçılara həm Sloveniya, həm də müxtəlif dillərdə mahnılar təqdim ediblər. Konsert möhtəşəm sonluqla yekunlaşıb. İfaçılar məşhur Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin “Baharlı yurdum-Azərbaycan” mahnısını (sözləri Nəbi Xəzrinindir) ifa ediblər. Tamaşaçılar mahnını alqışlarla müşayiət ediblər. Tədbir iştirakçılarının ayaq üstə sürəkli alqışlarında sonra qrup üzvləri yenidən səhnəyə qayıdaraq daha bir mahnı ifa ediblər.