TÜRKSOY Beynəlxalq təşkilatı tərəfindən keçirilən ənənəvi tədbirlərdən ən məşhuru türk icmalarının bir çox dəyərlərini özündə birləşdirən mədəni irsin mühüm elementi olan Novruzdur.
TÜRKSOY Novruzu Parisdə, UNESCO-nun qərargahında keçirəcək, Oxu.Az TÜRKSOY-un mətbuat xidmətinə istinadən xəbər verir.
UNESCO-nun qərargahına TÜRKSOY-un səfəri zamanı 2015-ci ilin yanvar ayının 5-də baş direktor İrina Bokova ilə görüşdə Beynəlxalq Novruz gününün UNESCO səhnəsində qeyd edilməsinə dair razılıq əldə edilib.
Bu razılığın nəticəsi olaraq, mart ayının 24-də Parisdə UNESCO-nun qərargahında Novruz bayramı qeyd ediləcək. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyədən, eləcə də Rusiya Federasiyası subyektləri – Başqırdıstan, Tatarıstan, Altay, Tuva, Saxa (Yakutiya) Hakasiya, Dağıstan, Qaqauziya (Moldova), Monqolustandan 100-ə yaxın artist iştirak edəcək. Bayram şənlikləri çərçivəsində TÜRKSOY-un “Novruzun rəngləri” adlı fotosərgisi də təqdim ediləcək.
Tədbir, UNESCO nəzdində türkdilli ölkələrin daimi nümayəndəliklərinin dəstəyi ilə TÜRKSOY beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.