Ötən gün mərhum prodüser və Əməkdar incəsənət xadimi Oqtay Əliyevə həsr edilən film təqdim olunub.
Olay.az yazır ki, Nizami Kino Mərkəzində gerçəkləşən “Müasir televiziyanın ocağı” adlı layihənin təqdimat mərasimində tanınmış şəxslər yer alıb.
Gecədə Xalq artistləri Murad Dadaşov, Mehriban Zəki, mərhumun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, prodüser Fariz Əliyev və başqaları iştirak ediblər.
Layihədə Xalq artistləri Vaqif Mustafayev, Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ATV-nin rəhbəri Azər Xəlilov və digər şəxslər O.Əliyev haqqında fikirlərini səsləndiriblər.
Əməkdar artist Dilarə Əliyeva sənədli filmdə bu fikirləri səsləndirib:
“Oqtay, bu gün sənin ad günündür. Hər ad günü ərəfəsində səndən soruşardım ki, nə alım sənə? Deyirdin ki, yox, bu olmadı, istədiyimi ala bilirəm, sürpriz olanda maraqlı olur. Həmişə çalışırdım ki, səni təəccübləndirim. Sənin də xoşuna gəlirdi. Deyirdin, bax, bu başqa məsələ, dərsindən 5. Sən də dərsindən beş idin. Bu gün 55 yaşın tamam olur. Ağlıma belə gəlməzdi ki, iki 5 yan-yana gələndə sən özün yanımızda olmayacaqsan. Hər yenilik birinci sənin ağlına gəlirdi. Dəyişikliyi çox sevirdin. Bəs dünyanı dəyişmək haradan ağlına gəldi, Oqtay? Sənsizlik çox bilinir.
Hamının halına yanırdın, onlar başına yığışırdı. Sanki heç vaxt sönməyən ocaq idin. Tüstüsü olmayan ocaq. Ailənə yaxınlarına, əzizlərinə həmişə möhkəm olmağı tapşırırdın. Doğrudanmı bizi tərk etməyə hazırlaşırdın? Novruz bayramında yadından çıxıb fişəngi partlada bilməmişdin, narahat idin. Səhəri gün dedin, tez gedib partladaq. Yolda sənə dedim ki, yuxuda fişəngi partlatmaq istədim, amma orada da edə bilmədim. Güldün, dedin ki, mənsiz etmək istəyirdin? Bağışla Oqtay, fişəngi sənsiz partladacağam. Hazırlaş, bu dəfə nizamımız belə olacaq. Mən yuxarı, sən isə aşağı baxacaqsan. Sonuncu dəfə gülümsə, Oqtay! Sənsiz çox darıxırıq”.
Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır.
Rəylər