Oxu.Az ədəbiyyatşünas, professor Pənah Xəlilovun APA-ya müsahibəsini ixtisarla təqdim edir:
- Ömrü boyu universitetin qaynar mühitində, tələbələrin arasında olubsunuz. Yəqin “darıxırsınızmı?” soruşsam, yerinə düşməz...
- 1942-ci ildən həyatımı universitetə bağlamışam. Əvvəl tələbə, sonra aspirant, müəllim, professor... 80 yaşımın tamamında universitetin rəhbərliyindən xahiş etdim ki, daha gəlib-gedə bilmirəm, işlədiyim bəsdir. O ki qaldı darıxmağa, inan, darıxmağa vaxt yoxdur. Bax, dörd tərəfim kitabdır. Oxuyuram, qeydlər aparıram. Təzə materiallar tapmışam, türk şəcərəsi ilə bağlı kitab yazıram. Elə vaxt olur, lap çeşməksiz də oxuyuram.
- Sovet hökuməti üçün darıxırsınız?
- Sovetin 37-ci il qırğını olmasaydı, o hökumətin əvəzi yox idi. Stalin əclaflıq elədi, bütün namuslu, pak adamları güdaza verdirdi. Ölən öldü, sağ qalanlar da ömrü boyu gözükölgəli yaşadılar.
- Yazıçılar İttifaqına niyə üzv olmaq istəmirdiniz?
- Üzv olmaq üçün çox təklif etmişdilər. Axırda İmran Qasımov soruşdu ki, axı səbəb nədir, sənin nə dərdin var? Dedim, yaxşı görürəm ki, gücünüz bir-birinizin ayağını çəkməyə, bir-birinizə paxıllıq etməyə çatır. Kəsə cavab verdim: mən paxıl olmaq istəmirəm. Dedim, yazıçı müqəddəs sözdür, amma siz bir-birinizi söyürsünüz, böhtan danışırsınız. Belə yazıçılıq olar? Orda mənim sevdiyim yeganə adam Səməd Vurğun idi. Otağıma bax, dörd yerdə Səməd Vurğunun şəklini vurmuşam. O qədər nəcib, gözəl kişi idi. Sonralar öyrəndim ki, bir-birimizə qohumluğumuz da çatırmış.
- İttifaqda axırıncı dəfə nə vaxt olmusunuz?
- Yazıçılar İttifaqına neçə illərdir getmirəm. Gedim kiminlə söhbət edim? Soruşun, görün, mənim orda yaşıdım qalıb? İndi uşaq-muşaq gəlib Anarın atasına-anasına söyüb gedir. Gözünü çıxararam, Allah haqqı, o adamların! Belə əxlaqsızlıq olar? Yazıçı olub, söyüş söyəsən? İttifaqın sədri yenə Anardır?
- Bəli...
- Anar abırlı adamdır. Hamı istəyir ondan nəsə qoparsın. O da verə bilmir, gücü çatmır, biri razı qalır, o biri narazı. Mənim eşitdiyim düzdür ki, cavan uşaqlar gəlib Anarın atasını söyüb, gedirlər?
- Qəzetlərdə, saytlarda tənqid edirlər...
- Anarın yerinə olsam, tüpürərəm o vəzifəyə, çıxıb gedərəm. Belə şey olar? Qəzetdə tənqid etmək olar. Hər kəsin tənqid etmək haqqı var. Amma adamın kimisə tənqid etməyi üçün gərək haqqı olsun.