Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şair Fikrət Sadığın doğum günüdür
Mayın 30-u tanınmış şair, publisist, Fikrət Sadığın doğum günüdür.
Fikrət Abbas oğlu Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra 1946-cı ildə Bakıda sənət məktəbini bitirib.
1946-1952-ci illərdə Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləyib.
1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirib və sonra ovaxtkı Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində təhsil alıb.
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub.
Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak edib.
Fikrət Sadıq ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb.
Poetik yaradıcılığında bədii tərcüməyə də yer verib. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir.
Fikrət Sadığın "Cığır" adlı ilk şeirlər kitabı 1963-cü ildə nəşr olunub.
Nəsr sahəsində yazdığı əsərlərdən "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. göstərmək olar.
F.Sadıq uşaqlar üçün də bir neçə pyes yazıb. Onun "Yumaq top" , "Bir parça Vətən", "Oğul", "Biri vardı, biri yoxdu" pyesləri tamaşaya qoyulub.
F.Sadığın yaradıcılığında xüsusilə diqqət çəkən "Miniatür şeirlər" silsiləsidir ki, burada beş, üç, iki və hətta bir misrada, az sözlə böyük mənalar ifadə edilir:
Yalan ayaq tutsa da, yeriməz deyiblər.
Amma bir yalançını işə gələn görürəm hər səhər.
Və yaxud:
Birisi öləndə gülən var hələ,
Birisi güləndə ölən var hələ.
Fikrət Sadıq 16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat edib.