Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bərpaçı-heykəltaraş: "İlkin layihə üzrə 20 heykəlin təmizlənməsi işləri aparılacaq"
Bakı şəhərində Mədəniyyət Nazirliyi tərəfindən heykəllərin cilalanması ilə bağlı layihə həyata keçirilir.
Təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmiş heykəllərin yenilənməsi üçün onların üzərində müəyyən yumşaq cilalanma işləri mütəxəssislər tərəfindən aparılır.
Layihənin ekspertlərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltaraş-bərpaçı Fərman Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin layihə üzrə, ümumilikdə 20 heykəlin təmizlənməsi işləri aparılacaq. İndiki halda üç heykəl üzərində iş bitib, tam hazırdır, dördüncünün üzərində son tamamlanma işləri gedir.
"İlkin mərhələdə ən çox bərpasına ehtiyac olan heykəllərlə iş aparılacaq. Proyektə uyğun olaraq, ən çox müzakirələrə səbəb olan heykəllər ön plana salınıb", - deyə F.Qasımov bildirib.
Heykəltaraş Orxan Nəbizadə isə Oxu.Az-a açıqlamasında işin, əsasən, texniki tərəfləri ilə məşğul olduğunu bildirib:
"Layihədə ilkin yanaşma belədir ki, heykəllər əvvəlki görünüşünə qaytarılmalıdır. Biz monitorinq keçirəndə müəyyən etdik ki, hansı abidələrin əsaslı, hansı abidələrin icbari bərpaya ehtiyacı var. Əsaslı bərpa deyərkən, zahiri estetik görünüşünü nəzərdə tuturuq. Heykəlin zahiri plastikası, estetik görünüşü necə olmalıdırsa, onun bərpasından söhbət gedir. Hazırda qarşısında durduğumuz M.Ə.Sabirin heykəli üzərində biz bu işləri görmüşük.
Qeyd edim ki, bu, xüsusi prosesdir. Burada xüsusi kimyəvi təmizləmələr edilir, xüsusi kimyəvi tündləşdiricilərdən istifadə olunur. Biz heykəllərin bundan sonra da uzun müddət aşınmaya məruz qalmaması üçün xüsusi qoruyucu vasitələrdən istifadə edirik. Hazırda start mərhələdir, təzə başlamışıq.
Həm qranitdən, həm tuncdan, həm də bürüncdən olan bir neçə abidə üzərində iş gedir. Texniki cəhətdən dünya təcrübəsində hansı qaydalar tətbiq olunursa, biz də öz növbəmizdə həmin qaydalara riayət edərək şəhərimizdəki abidələrin daha baxımlı olması üçün xidmət göstəririk".
Əzizə İsmayılova
Rəylər