Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Dünyanı da, özünü də əsir-yesir edən qoca - Bayden necə yadda qaldı?
2021-ci ildə ABŞ-nin dövlət başçısı postuna yiyələnən və bu ilin noyabrında keçiriləcək növbəti prezident seçkisində iştirak etməyəcəyini elan edən Cozef Bayden hakimiyyətə gəldiyi gündən etibarən daha çox iki xüsusi məqamla yadda qaldı:
- Trampdan fərqli olaraq, qlobalist siyasi xətt yürütməsi;
- Anlaqsız çıxışları və müəmmalı davranışları.
Əslində, Baydenin siyasi karyerasına nəzər salanda onun yüksələn xətlə inkişaf etdiyini görmək mümkündür. Bu yüksəlişin məntiqi nəticəsi isə prezidentlik postu idi ki, Bayden buna da nail oldu. Sadəcə, bəxti onda gətirmədi ki, o, bu vəzifəyə 78 yaşında qovuşdu və bu da daha çox səhhətindəki problemlərlə yadda qaldı.
Diqqəti də məhz ikinci məqama - qlobalist Baydenə yox, özünü idarə edə bilməyən Baydenə çəkəcəyik.
Bayden 2021-ci ilin 20 yanvarında rəsmən ABŞ prezidenti kimi fəaliyyətə başlayıb. Amma nə başlayıb? Hakimiyyətə gəldiyi ilk gündən qəribə davranışları ilə diqqətləri özünə cəlb edib və dünyanın bir qocanın əlində əsir-yesir olacağının ilkin mesajlarını verib.
Bayden qəribəliklərini elə üç il əvvəl prezident kimi ilk daxili səfərlərinin birində nümayiş etdirib. Onun xanımı çıxış edən zaman Bayden birdən-birə sanki onu kimsə çağırırmış kimi geri dönüb və getməyə başlayıb. Bundan bir neçə saniyə sonra isə Co Bayden əvvəlki yerinə geri qayıdıb. Təbii ki, baş verənlər mətbuatın diqqətindən yayınmayıb.
ABŞ prezidentinin qəribə davranışları, təbii ki, bununla bitməyib. Məsələn, 2022-ci ildə Bayden qatıldığı proqramlardan birində tribunadan çıxış edib. Çıxışını bitirəndən sonra səhnədən düşmək üçün əvvəlcə bir neçə addım atıb, daha sonra dayanıb və tribunaya qayıdıb. Proqramdakı çıxışından sonra geriyə dönüb əl sıxmaq istədiyi birini axtarıb. Amma səhnədə başqa heç kim olmayıb. Hava boşluğu ilə "görüşən" Co baba daha sonra heç nə demədən səhnəni tərk edib.
Buna bənzər digər bir məqam isə G7 sammiti zamanı baş verib. Çıxışlardan sonra Bayden əlini qaldırıb öz-özünə, sərgərdan şəkildə gəzməyə başlayıb. Hətta həmin an İtaliyanın Baş naziri Corciya Meloni onu dünya liderlərinin dayandığı sıraya qaytarmalı olub.
Xatırlatmaq yerinə düşər ki, Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson ABŞ-nin "Fox News" telekanalına müsahibəsində prezidentin koqnitiv problemlərdən əziyyət çəkdiyini demişdi. Ceksonun sözlərinə görə, Ağ Evin hazırkı sahibinin həmin problemləri daha da pisləşib. Bu baxımdan, həkim belə qənaətə gəlib ki, 81 yaşlı siyasətçi prezident vəzifəsini yerinə yetirməyə uyğun deyil. Bayden hətta seçkidə də iştirak etməməli idi. Elə belə də oldu. Bütün dünyanın anladığı həqiqəti ABŞ rəsmiləri hamıdan sonra başa düşsələr də, buna da şükür.
Ağ Ev rəhbərinin öz-özünə salam verməsi, danışması, gəzməsi elə həddə çatıb ki, sosial şəbəkələrin də məsxərə mövzusuna çevrilib. Hətta sosial şəbəkələrdə montaj vasitəsi ilə ABŞ prezidentinin dondurma satan bir furqonun arxasınca getdiyi videosu sürətlə yayılaraq geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılanıb. Nə bilmək olar, bəlkə də, Bayden "bizim özümüzdən başqa dostumuz yoxdur" mesajını verirmiş, biz anlamamışıq?
Hər halda, siyahını bir az da artırmaq olar. 2022-ci il və Bayden səhnədə ölmüş dostunu axtarır: "Ceki, buradasan?" Baydenin bu sözləri prezidentin qocalıq səbəbindən özündə olmadığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Co Baydenin harada olduğunu soruşduğu konqresmen Ceki Valorski isə avtomobil qəzasında həlak olub.
Maraqlı olaylara Baydenin itinin də gözlənilməz hərəkətləri rəng qatıb. 2023-cü ildə prezidentin sadiq köpəyi təhlükəsizlik əməkdaşını dişləyib, sonra oradan çıxarılaraq siyasətçinin Delaver ştatındakı evinə aparılıb.
2023-cü il. Bayden yenə də diqqət mərkəzindədir. ABŞ prezidenti açıqlama verərkən yuxuya gedir, İsrail prezidenti İsxak Hersoq isə mat-məəttəl qalır.
Baydenin nərdivandan, velosipeddən, təyyarədən yıxılması isə ümumiyyətlə ənənə halını alıb.
Hətta Bayden çıxışlarının birində lap irəli gedərək, insulini icad edən, 1941-ci ildə vəfat etmiş Frederik Bantinqlə görüşdüyünü səsləndirmişdi.
Bir dəfə isə bəlkə də, uzaqgörənlik edib çıxışlarının birində Trampı mövcud ABŞ prezidenti də adlandırmışdı.
Hər halda, Bayden dövrü artıq başa çatır. Ondan geriyə isə özünü idarə edə bilməməsi və dünyanın çarxını bir az da yerindən tərpətməsi qaldı. Necə deyərlər, "dəliyə yel ver, əlinə bel ver".
Aqil Vəlili
"Co Bayden" teqi üzrə xəbərlər
- Prezidentlik çıxışlarındakı səhvləri ilə tarixə düşən Bayden NATİQLİYƏ hazırlaşır: Məbləğ açıqlandı
- "Baydenin müharibəsi"ni Tramp davam etdirə bilər
- Bayden ABŞ prezidenti postundan getdikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını edib
- Tramp Rusiya-Ukrayna qarşıdurmasının "Baydenin müharibəsi" olduğunu deyib
- Ermənistanın qəbul etməli olduğu reallıq: Konstitusiya dəyişdirilməli, Minsk qrupu ləğv edilməlidir