ABŞ-nin keçmiş prezidenti Co Bayden Donald Trampın 2021-ci ildə Ağ Evi tərk etdiyi zaman ona ünvanladığı məktubdan heyrətləndiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" Baydenin nəşrə hazırlanan "Mənə söz ver, Amerika" (Promise Me, America) adlı kitabından çıxarışlara istinadən məlumat yayıb.
Qəzet Trampın 20 yanvar 2021-ci il tarixli məktubundan bir hissəni sitat gətirir:
"Bir çox prezident sadəcə respublikaçı və ya demokrat kimi ölkəni idarə edərək gəlib-gediblər. Onlar əsasən tarixin axarını dəyişdirməyib, sadəcə olaraq onun amansız axınına tabe olublar. Sizinlə belə olmayacaq, çünki mən sizin Amerika xalqını nə qədər dərindən sevdiyinizi bilirəm".
Qeyd olunur ki, Tramp qoyub getdiyi məktubda Baydeni tənqid etməyib və seçkilərin nəticələrinə etiraza cəhd göstərməyib. Məktubla tanış olan Baydenə isə elə gəlib ki, iki fərqli Donald Tramp var.
O vurğulayıb ki, sabiq prezident bir tərəfdən dövlət başçısı postundakı xələfinə "ənənəvi görüş keçirməyi təklif etməyib", digər tərəfdən isə "köhnə dost kimi ən səmimi arzularını diləyib".
Xatırladaq ki, Tramp ilk dəfə 2017-2021-ci illərdə dövlət başçısı postunu tutub. O, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə demokrat rəqibi Baydenə məğlub olmuşdu. Lakin 2024-cü ilin noyabrında Tramp yenidən seçkilərdə qalib gələrək ikinci dəfə ABŞ prezidenti seçilib.