Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Güclü külək və sel olacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti tərəfindən iyulun 27-si səhərdən 29-u səhərədək ölkə ərazisinin əksər bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Oxu.Az xəbər verir ki, xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
"Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər".
Xidmət rəisi bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı da əhalini ehtiyatlı olmağa, çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə dayanmağa, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyə, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırıb.
Küləkli hava şəraiti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
Xidmətdən Oxu.Az-a verilən xəbərə görə, iyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.
İyulun 27-si səhərdən 29-u gündüzədək isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.
İyulun 27-də əsasən dağlıq və dağətəyi rayonlarda, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.