Türkiyənin opera ifaçısı Oya Ergün “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Azərbaycan şəhidlərinə həsr etdiyi konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, ifaçının APA-ya verdiyi məlumata görə, iki həftə əvvəl konsert proqramının repertuarı fərqli olsa da, cəbhədə şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə hörmət əlaməti olaraq, proqramda dəyişiklik edib:
“Azərbaycan ordusunun əsgərlərinin şəhid olması xəbərinə çox üzüldüm. Ona görə də konsert axşamını şəhidlərin əziz xatirəsinə həsr etdik. Yalnız şəhidlərə aid olan ariyalar səsləndirdim”.
“Barokko ariyalar axşamı” adlı konsert Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.
Ariyalar gecəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları, İtaliyanın Azərbaycan səfirliyinin nümayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.
Konsert proqramı Amerikada yaşayan orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin müşayiəti ilə baş tutub.