Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalq artisti: “İbrahim Tatlısəs Şəfiqə xanıma qonorar verməyib” - VİDEO
“İbrahim Tatlısəs “Bu ayrılıq nədən oldu” mahnısına görə Şəfiqə Axundovaya qonarar ödəməyib”.
Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.
Onun sözlərinə görə, Şəfiqə Axundova uzun illər sonra İbrahim Tatlısəslə Azərbaycanda qarşılaşıb:
“Şəfiqə xanım danışırdı ki, İbrahim Tatlısəsin ifasından xəbəri olmayıb. Şəfiqə xanım oğlu Talehlə harasa gedirmiş, qəfildən İbrahim Tatlısəslə qarşılaşıb. Şəfiqə xanım onu saxlayıb, deyib ki, İbrahimsiniz? O da deyib bəli. Şəfiqə xanım da qayıdıb ki, məni tanımadınız? Şəfiqəyəm, mənim “Nədən oldu” adlı mahnımı ifa etmisiniz. İbrahim Tatlısəs Şəfiqə xanımdan üzr istəyib. Deyib ki, bu mahnını oxumağımdan illər keçib, ona görə bəstəkarı unutmuşam.
Bir dəfə də Nüşabə Ələsgərli oğluna kiçik toy edirdi, İbrahim Tatlısəsi də dəvət etmişdi. Orada müğənnilər aman vermədi ki, Şəfiqə xanımla yaxından görüşsün. Axırda İbrahim Tatlısəs dedi ki, heç kəs masalardan durmasın, mən özüm gecəboyu hər kəslə görüşməyə çalışacağam. Bir də baxdıq ki, İbrahim Tatlısəs həmin mahnını oxuya-oxuya Şəfiqə xanıma doğru gəlir. Əllərindən öpdü, elə bil dünya verdi Şəfiqə xanıma. Bu, heç kəsin yadından çıxmaz. Əsas odur ki, sənətkara dəyər verilsin. Şəfiqə xanım bu dəyəri görəndən sonra ürəyi açıldı”.
Gülyaz Məmmədova deyib ki, İbrahim Tatlısəs həmin mahnıya görə Şəfiqə xanıma qonorar ödəməyib:
“Onun evində çörək almağa pulu yox idi, amma mahnılarını kiməsə pulla satmazdı. Mahnılarını balaları hesab edirdi, deyirdi ki, qadın da balasını satar? Bacarmadı, bir dəfə də olsun yazdığı mahnıdan kimdənsə qonorar almadı. Amma Gülağa Tənha onun əməyini qarşıladı. Sevincindən uçurdu”.
Gülyaz Məmmədova bu il Şəfiqə Axundovanın 100 illik yubileyi ilə bağlı tədbirlərin davam edəcəyini qeyd edib:
“Bu il Şəfiqə xanımın 100 illiyidir, ənənəvi tədbirlərin keçirilməsi davam edəcək. Biz də çalışacağıq ki, onunla bağlı bütün tədbirlərdə iştirak edək”.
Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs uzun illər əvvəl Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. İbrahim Tatlısəs “Bu ayrılıq nədən oldu” mahnısına klip də çəkdirib.
"İbrahim Tatlısəs" teqi üzrə xəbərlər
- İbrahim Tatlısesdən səhhəti ilə bağlı kədərli xəbər
- Alim Qasımov: "Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı"
- İbrahim Tatlıses daha bir qalmaqalla gündəmə gələn qızına reaksiyası ilə təəccübləndirdi
- Ölümdən dönən İbrahim Tatlısəsin həkimi danışdı
- İbrahim Tatlısəs ağır ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb
Rəylər