"Səhhətimdən heç vaxt şikayət etmirəm. Şükür, yaxşıyam. Çünki yaşım çoxdur. Bu yaşda necə olmalıyamsa, eləyəm. Sizə də arzu edirəm ki, gəlib məni ötəsiniz. Həmişə yazıram. Gecə də, gündüz də. Fərq etmir. İşləyirəm. Yazdıqlarım "Ədəbiyyat", "Azərbaycan", "525"-ci qəzetlərdə yayımlanır. Başım hələ xarab olmayıb (gülür)".
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Nəriman Həsənzadə deyib. O daha sonra əlavə edib.
"93 yaşım var. Amma mən yaşı qocalıq hesab etmirəm. Qocalıq hər yaşda ola bilər. Cavanlıqda da, qocalıqda da. Əgər daxili uçurum varsa, bunun özü elə qocalıqdır. Mən belə qəbul edirəm. Nəsillər bir-birini əvəz etdikcə millət yaşayır. Ən böyük arzum Azərbaycanın səadəti, xalqımın xoş yaşaması, gözəl günlər görməsidir. Müstəqilliyimiz belə davam etsin. Mənim arzularım vətənimizin səadəti, sabahı, xoş günləridir", - deyə o bildirib.
Xalq şairi bildirib ki, yazdıqlarından qonorar əldə etmir:
"Qonorar yoxdur. Əvvəl var idi. "Azərbaycan" qəzetində qonorar var. Yazı yazanda göndərirlər. Amma digər qəzetlərdə qonorar yoxdur. Yazılarıma görə qonorar almamağım məni qətiyyən narahat etmir. Əsərim çap olanda sevinirəm. Şairin şeirinin, yazıçının əsərinin çap olunması qonorardan vacibdir".
Xalq şairi bildirib ki, dostları üçün bu gün də darıxır:
"Əlbəttə ki, darıxdığım yaxınlarım, dostlarım var. Allah hər birinə rəhmət etsin. Onların əksəriyyəti mənim qələm dostlarımdır. Bizim nəsildən sayılırlar. Bu günlə yaşamaq lazımdır, dünənlə yox. Dünənlə yaşamağa dəyməz. Onlar heç vaxt unudulmurlar. Mənim üçün müqəddəs xatirədir. Yeri gələndə onları xatırlamalısan, danışmalısan. Fikrət Qoca mənim qardaşım idi, digərləri də. Biz bir nəsil idik. Xeyirxah nəsil idik".
Nəriman Həsənzadə özlərindən yaşca böyük şair və yazıçıları tənqid edən gənclərdən də danışıb:
"Hər halda klassiklərdən öyrənmək lazımdır. O sənətkarlar yaşayırlar. Onların yolunu öyrənib, yaşatmaq lazımdır. Amma o gəncləri bilmirik sabah yaşayacaqlar ya yox?! Heç kəsi danmaq olmaz. Elələri hər zaman olub və olacaq da. Özləri də tanınıb, sonra yoxa çıxıb gedib. Kimin nəyinə lazımdır? Ancaq klassika məktəbdir. Puşkin, Nizami, Füzuli, Nəsimi, Sabir kimi dahilər yaşayırsa, demək ki, klassika var. O məktəbi danmaq olarmı heç?"
Xalq şairi əsərlərində qadın mövzusunun özəlliyindən danışıb:
"Anam xan qızı olub. Anamın qardaşlarını, əmilərini 1923-cü ildə güllələmişdilər. Bir qardaşı qalıb anama baxırdı. Həyatdır da. Anam da, həyat yoldaşım da gözəl qadınlar idi. Eşidirəm bəzən həyat yoldaşını təhqir edən, döyən, təzyiq göstərən adamlar var. Bu mənə çatmır. İnsan da öz taleyini döyərmi, təhqir edərmi? Mən bunu qəbul etmirəm! Ana müqəddəsdir".
Rəylər