Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaratdığı erməni obrazına görə başı bəlalar çəkən Məlik Dadaşovun anım günüdür - FOTO/VİDEO
Bu gün Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun anım günüdür.
Oxu.Az xatırladır ki, Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə “Ailə namusu” pyesində oynayıb.
Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. Məlik Dadaşov Azərbaycan kinosunda yaddaşlardan silinməyəcək obrazlar yaradıb.
M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, 35-ə yaxın bədii filmdə çəkilib.
“Axırıncı aşırım”da “Qəmlo”, “Dəli Kür”də “Molla Sadıq”, “O dünyadan salam”da “Şeyx Nəsrullah”, “Birisi gün gecə yarısı”nda “Nəriman Nərimanov”, “Fəryad”da “Aram Xaçaturyan” obrazları hamının yaddaşındadır.
Qeyd edək ki, M.Dadaşov “Fəryad” filmində “Armen Xaçaturyan” roluna vəfatından üç il əvvəl çəkilib.
Ailəsi onun bu rola çəkilməsinin əleyhinə olsa da, erməni kirvənin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur.
Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə onun qarşısını kəsərək, ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində “axı sən niyə o filmə çəkildin? Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an yanımda olsan, yəqin ki, səni öldürərəm” deyir. Qadın ətrafdakılara hücum edir və “Ay camaat, bu, ermənidir”, - deyir.
Bu zaman polis əməkdaşı ondan sənədlərini tələb edir. M.Dadaşov filmdə erməni rolunda olduğunu qeyd etdikdən sonra ondan əl çəkirlər.
O, U.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və digər tamaşalarda da maraqlı obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb.
Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, bura yeni yaradıcı qüvvələr cəlb olunublar. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
M.Dadaşov 1996-cı ildə 72 yaşında Bakıda vəfat edib.
Rəylər