Dağlıq Qarabağ məsələsi həqiqətən Avropanı narahat edir. Bu barədə Avropa Şurasının Parlament Assambleyasının rəhbəri Ann Brassör aprelin 13-də İrəvanda mətbuat konfransında bildirib.
“Qarabağ həqiqətən hamımızı narahat etməlidir, belə ki, bu məsələ Avropa Şurasının 47 üzv-ölkədən ibarət Avropa ailəsinin üzvü olan insanlara aiddir. Dialoq həllin tapılmalı olduğu yeganə çıxış yoludur. Zorakılıq heç bir zaman cavab olmamalıdır”, - AŞPA-nın rəhbəri bildirib, Oxu.Az bu barədə News.am-a istinadən xəbər verir.
Münaqişənin həllinə kiçik yardım etmək üçün AŞPA Dağlıq Qarabağ üzrə məruzə hazırlayacaq. Onun sözlərinə görə, bu sənəd ATƏT-in Minsk qrupunun prosesinə müdaxilə olmayacaq və göstərişdən çox, təklif xarakterli olacaq.
Ann Brassör vurğulayıb ki, mühazirənin balanslaşdırılmış olması üçün AŞPA-dakı erməni nümayəndəliyinin prosesdə iştirakı tövsiyə edilir.
AŞPA rəhbəri səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir, parlament spikeri və XİN rəhbəri ilə görüşəcək. Ann Brassörün eləcə də Ermənistan Milli Məclisi fraksiyasının nümayəndələri, AŞPA-nın erməni nümayəndəliyinin üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi barədə təşkilatın saytında məlumat verilib.