Azərbaycan gəmiləri “Xəzər Kuboku-2015”də iştirak etmək üçün Mahaçqalaya gəlib.
“Mahaçqala limanına Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin 205 layihəli iki patrul-mühafizə kateri və dəniz buksiri daxil olub”, - Rusiya Federasiyası Hərbi Dəniz Donanması ali komandanının ictimaiyyət və KİV ilə əlaqələr üzrə köməkçisi İqor Dıqalo bildirib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Azərbaycan gəmiləri Xəzər dənizində Xəzər donanmasının “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri ilə görüşüb, xarici bölüyü limana “RB-39” reyd buksiri müşayiət edib.
Daha öncə Mahaçqalaya Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin iki raket-artilleriya gəmisi gəlib.
“Xəzər Kuboku” avqustun 1-dən 15-nə kimi, Xəzər dənizi akvatoriyasında ümumi sahəsi 300 kv.km olan xüsusi yaradılmış poliqonda keçiriləcək.
Yarış iştirakçıları, əsasən kiçik ölçülü dəniz və hava hədəflərini, üzən minaları məhv edəcək, “qəzaya uğramış” gəmiləri xilas edəcəklər.