Bu gün müstəqil Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün, toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən ordunun yaradılması və formalaşdırılması dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri hesab edilməlidir.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi strategiyaya əsaslanan ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də od-alovundan keçərək mətinləşdi, müasir inkişaf səviyyəsinə gəlib çatdı.
Atılan addımlar tək xidmət edənləri deyil, eyni zamanda, vaxtilə ərazi bütövlüyü uğrunda vuruşmuş ehtiyatda olan hərbi qulluqçuları və şəhid olanların ailə üzvlərini də əhatə etdi.
Ölkənin milli-strateji maraqlarının təmin olunmasına, xalqla dövlət arasında bağlılığın möhkəmləndirilməsinə xidmət edən bu mütərəqqi addımlar daim ardıcıl şəkildə həyata keçirilir.
Odur ki, bu gün regionda modern ordu quruculuğu siyasətinə görə nümunə hesab edilən Azərbaycanın müasir tələblərə cavab verən ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.