Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Oktyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.
General S.Ş.Mirza səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr - Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
Rəylər