Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərir. Orduda aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu sahədə zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır.
Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac verib.
Son bir neçə il ərzində Azərbaycan hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir.
Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Təbii ki, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminədir. Ancaq bu gün Azərbaycanın dinamik inkişafını gözü götürməyən, mənzillərin bölgüsünə etirazla yanaşan, ölkənin paytaxtından kənarda mənzillə təmin olunmağa etiraz edənlərə də rast gəlinir.
Təbii ki, ölkədə aparılan dərin islahatlar antiazərbaycan dairələri narahat edir və həmin qüvvələr Azərbaycana qarşı o insanlardan istifadə edir. Görünən odur ki, onların məqsədi Azərbaycanın inkişafına, hərbi qulluqçuların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən işlərin üzərinə kölgə salmaqdır.
Reallıq isə ondan ibarətdir ki, şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də, hər bir hərbi qulluqçu Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.
Bütün bunlar da hərbi qulluqçuların qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətini daha da artırır, Vətən qarşısında borcunu vicdanla yerinə yetirməyə ruhlandırır.
