Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistana məxsus olması barədə bəyanatı təəccüb doğurmaya bilməz, çünki İrəvanın bu məsələdəki rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə “Vestnik Kavkaz”ın müxbirinə ABŞ Dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri, Tallində Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
“Sarkisyanın bəyanatı məni təəccübləndirir, çünki o, Ermənistanın uzun müddətdir çıxış etdiyi rəsmi mövqeyinə ziddir. Bu mövqe isə belədir: müstəqil “Dağlıq Qarabağ Respublikası” mövcuddur, onunu vətəndaşları öz liderlərini seçirlər; o, öz iqtisadiyyatı və hüquq sahəsini idarə edir, Ermənistan isə onu nə diplomatik, nə də hüquqi baxımdan tanımır”, - deyə, ekspert təəccübünü gizlətmir.
“Prezident Sarkisyanın nə üçün belə danışdığını anlamaq çətindir, ola bilsin, Ermənistan hökuməti öz siyasətini kəskin dəyişib. Lakin siyasətin bu şəkildə dəyişdirilməsi Dağlıq Qarabağın əksər sakinləri, xüsusilə də bu regionun hazırkı siyasi liderlərində böyük təəssüf hissi doğura bilər”, - deyə, M. Brayza qeyd edib.