Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün məğzini hamıdan yaxşı Qarabağa oxşar regional problemlərin həllinin beynəlxalq formatının mövcudluğuna baxmayaraq, Rusiya, Azərbaycan və Ermənistanın tarixi əlaqələrinin təqdim etdiyi imkanlardan istifadə etməyin zəruriliyini qeyd edən Rusiya prezidenti Vladimir Putinin özü şərh edib.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-un Moskva müxbirinə verdiyi şərhdə Rusiya Dövlət Dumasının (parlament - red.) deputatı, Rusiya-Azərbaycan fraksiyalararası qrupun rəhbəri Dmitri Savelyev bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edərkən deputat Qarabağ probleminin artıq uzun müddətdir, mövcud olduğunu və beynəlxalq ictimaiyyətin onu həll etmək gücünə malik olmadığını qeyd edib:
“Rusiya isə buna qadirdir. Belə ki, Azərbaycan və Ermənistanın bu əsas məsələdə ölkəmizə digər ölkələrdən daha çox etibar etdiyini düşünürük. Qarabağ probleminin həllində məhz Rusiya “münsif” kimi çıxış edə, bununla da tərəflərin uzun müddətdir, gözlədiyi real sülhməramlı rolunu ələ ala bilər”.
Rusiyalı deputatın sözlərinə əsasən, Azərbaycanı özünün dəyərli müttəfiqi və tərəfdaşı, Ermənistanı isə uzunmüddətli müttəfiqi hesab edən Rusiyanın müvafiq cavabdehliyi üzərinə götürməsi zəruridir:
“Biz açıq siyasət aparırıq, heç bir “parçala və hökmranlıq et” siyasəti yürüdülmür. Belə ki, Rusiya münaqişənin həllində bilavasitə maraqlıdır. Axı, qarşılıqlı səmərəli əlaqələrin qurulması üçün müttəfiqlərimiz və tərəfdaşlarımız arasında belə qarşılıqlı ziddiyyətlər olmamalıdır”.