Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri səfir Dejan Şahoviçi qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyi bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx təmasların olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən E. Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. O əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.
Görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.