Ermənistanın Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.
Oxu.Az erməni saytlarına istinadən xəbər verir ki, bəyanatda Azərbaycan əsgərlərinin işğalçıları müxtəlif çaplı atıcı silahlar, o cümlədən 60 və 82 mm çaplı minaatanlardan atəşə tutduğu qeyd olunur.
“Avqustun 12-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri təkcə 82 mm çaplı minaatanlardan 109 mina buraxıblar. Eyni vaxtda Azərbaycanın diversiya qrupları sərhəd zonasına keçidlə bağlı iki uğursuz cəhd göstəriblər.
Ermənistanın Müdafiə Nazirliyi bir daha münaqişənin yalnız sülh yolu ilə həllinin və bu məqsədlə qoşunların təmas xəttində atəşkəs rejiminə riayət olunması, qarşılıqlı etibar qüvvələrinin formalaşdırılması, həmçinin atəşkəsin pozulması üzrə beynəlxalq araşdırma mexanizmlərinin tətbiqinin zəruri olduğunu vurğulayır”, - deyə, Ermənistanın hərbi idarəsinin məlumatında bildirilir.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistan saytlarında Azərbaycanın guya iki uğursuz diversiya əməliyyatı keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ermənilər dezinformasiya yayırlar:
“Bizim bəzi KİV-lər də mahiyyətinə varmadan həmin məlumatlardan olduğu kimi istifadə edirlər”.
Nazirliyin mətbuat xidmətindən qeyd ediblər ki, ermənilər həmişə olduğu kimi layiqli cəzalarını alırlar:
“Siz istəyirdiniz ki, erməni mətbuatı yazsın ki, Azərbaycan uğurlu əməliyyat keçirib? Dəfələrlə bildirmişik, bir daha deyirik ki, Ermənistan tərəfi vəziyyəti gərginləşdirmək istədikdə, tərəfimizdən cavabları verilir və onlar layiq olduqları cəzanı alırlar”.