Bizim əməkdaşlığımız kiməsə qarşı deyil, regionda sabitliyin və sülhün möhkəmləndirilməsinə yönəlib, - Gürcüstanın müdafiə naziri Mindiya Canelidze Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə qurumlarının rəhbərlərinin Tbilisidə üçtərəfli görüşlərinin sona çatdırılmasına həsr edilmiş görüşdə bildirib.
Oxu.Az Gürcüstan KİV-nə istinadən bildirir ki, Mindiya Canelidzenin qeyd etdiyinə görə, türk və azərbaycanlı həmkarı ilə çox məhsuldar və dolğun görüşü olub.
Onun sözlərinə görə, üçtərəfli formatda görüş 2012-ci ildə başlayıb və üç ölkənin müdafiə nazirləri ildə iki dəfə görüşürlər.
“Əməkdaşlığın yeni formatlarını planlayırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, cari ilin qrafiki maraqlı tədbirlərlə zəngindir. Bu, ənənəvi üçtərəfli formatda keçirilən hərbi tədris, müştərək təlimlərə, eləcə də dinamik şəkildə inkişaf edən müdafiə sahəsində ayrı-ayrı istiqamətlərə aiddir, bunun üçün həmkarlarıma və dost dövlətlərin rəhbərlərinə təşəkkür edirəm”, - Mindiya Canelidze bəyan edib.
“Birmənalı şəkildə qeyd etmək istərdim ki, bizim əməkdaşlığımız kiməsə qarşı deyil, regionda sabitliyin və sülhün möhkəmləndirilməsinə yönəlib. Bu əməkdaşlıq ölkələrimizin hərbi qüvvələrinin imkanlarının inkişafına istiqamətlənib. Qeyd etmək istərdim ki, regionda sülh və sabitlik müntəzəm və dinamik inkişaf üçün əsas zəmindir”, - Mindiya Canelidze bildirib.