Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni araşdıracaq və lazımı tədbirlər görəcəkdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhrif edilərək təqdim edilməsi tərəfimizdən qəti şəkildə pislənilir. Bu ilk növbədə kanalın beynəlxalq hüquqa olan hörmətsizliyinin nümunəsidir.
Bu barədə Oxu.Az-a Rusiyanın Lifenews telekanalının Azərbaycanın ərazi bütövlüyünün təhrif olunduğu xəritənin yer aldığı süjetini şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Lifenews kanalı əvvəllər də Azərbaycana qarşı qərəzli və təhrif olunmuş mövqeyi ilə fərqlənib.
“Bu da yəqin ki, kanalın rəhbərliyində olan şəxslərin şəxsi qərəzindən və erməni lobbi dairələrinin təsiri altında olmalarından irəli gəlir”, - deyə, XİN rəsmisi bildirib.
13:03
LifeNews telekanalı Azərbaycanın ərazi bütövlüyünü təhqir edib.
Oxu.Az xəbər verir ki, hadisə “Azərbaycandan yanacaq” adlı verilişdə baş verib.
Süjetdə Azərbaycandan Türkiyəyə qaz tədarükündən söhbət gedir.
İki ölkənin təqdim edildiyi xəritələrdə Ermənistan Silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisi qeyd edilməyib.
LifeNews telekanalının bu hərəkəti anlaşılmazlıq yaradır, çünki kanalın yayımlandığı Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Amma digər tərəfdən əgər cari kanalın sahibinin erməni – Aram Qabrelyanov olduğunu nəzərə alsaq, LifeNews-un bu hərəkəti təəccüb doğurmur.