İyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun rəhbərliyi altında Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin müdafiə nazirlərinin şurasının növbəti iclası keçirilib.
Oxu.Az Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə nazirlərinin Şurasının işində Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası və Özbəkistan Respublikasının müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak edib.
İclasın gündəminə müvafiq olaraq Birlik dövlətlərinin hərbi sahədə çoxşaxəli əməkdaşlığının aktual məsələləri nəzərdən keçirilib.
MDB müdafiə nazirlərinin Şurası hərbi əməkdaşlığın prioritet inkişaf istiqamətlərini qəbul edib və MDB iştirakçı ölkələrinin 2016-cı il üçün komanda-qərargah təlimləri və mütəxəssislərin metodiki təlim yığımlarından, hərbi-peşəkarlıq müsabiqələrinə qədər müştərək təlimlərin daxil olduğu Silahlı qüvvələrinin birgə tədbirlər Planını təsdiqləyib.
İclas zamanı MDB iştirakçı ölkələrinin havaəleyhinə müdafiə sistemi mövcud olduğu 20 il ərzində Birlik səmasının etibarlı müdafiəçisinə, MDB ölkələrinin təhlükəsiz inkişafının zəmanətinə çevrildiyi qeyd edilib.
MDB ölkələri müdafiə nazirlərinin Şurasının katibi Aleksandr Sinayski jurnalistlərlə söhbətdə iclasın nəticələrini şərh edərkən, vurğulayıb:
“Birliyin havaəleyhinə müdafiə sistemi istənilən təhlükəyə reaksiya verməyə tam hazırdır”.
MDB-nin cənub sərhədlərində vəziyyət barədə suala cavab verərkən, Aleksandr Sinayski “vəziyyətin gərgin, amma sabit” olduğunu qeyd edib.
Onun sözlərinə görə, MDB-nin HƏM sistemi və Birliyin təhlükəsizlik sistemi ümumilikdə fəal şəkildə inkişaf etdiriləcək.
“MDB ölkələri istənilən istiqamətdən təhlükəyə əks reaksiya verməyə hazırdır”, - Aleksandr Sinayski bəyan edib.