Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi yalnız münaqişənin siyasi tənzimlənməsi halında mümkündür.
Oxu.Az xəbər verir ki, bu barədə Tert.am ilə söhbətdə NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
O qeyd edib ki, hal-hazırda siyasi tənzimləmə üçün əsas yoxdur.
Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda NATO ilə əməkdaşlıq edən Cənubi Qafqaz ölkələrinin taleyinə toxunaraq, o, Rusiya-Türkiyə münasibətlərinin bu regionun ölkələri ilə əməkdaşlığa təsir etməyəcəyini bildirib.
“Biz bu ölkələrin hər birinin şəxsi təhlükəsizlik siyasətini seçdiyi ilə razıyıq və buna hörmətlə yanaşırıq. NATO ilə tərəfdaşlıq münasibətlərinin inkişafı üçün üzv olmağa səy göstərmək lazım deyil. Bizimlə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü olan ölkə də, Avropa İttifaqının, digər beynəlxalq və regional strukturların üzvü də tərəfdaşlıq münasibətlərində ola bilər.
Sevinclə qeyd etmək istərdim ki, bu səbəbdən NATO-nun Ermənistan və Gürcüstan, və ya Gürcüstan və Azərbaycanla daha sıx əməkdaşlıq üçün əsası var.
İstənilən halda bizim dəstəklədiyimiz istənilən əməkdaşlıq fərdi xarakter daşıyır”, - Ceyms Appaturay qeyd edib.
NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi qeyd edib ki, Ermənistan ilə bağlı onların əsas sənədi iki ilə yaxın qüvvədə olan İPAR-dır (Fərdi tərəfdaşlıq üzrə fəaliyyət proqramı).
“Bu qəbildən olan proqram Azərbaycan ilə də razılaşdırılıb. Məsələn, Gürcüstanla isə tamamən fərqli – Tbilisinin NATO-ya üzv olmasına hazırlığı mexanizmi işləyir. Bizim bütün tərəfdaşlıq münasibətlərimiz 28 ölkə, o cümlədən də Türkiyə tərəfindən dəstəklənir.
Bizim münasibətlərimiz heç bir şəkildə Rusiyadan asılı deyil. Ona görə də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin NATO ilə Cənubi Qafqaz ölkələrinin münasibətlərinə birbaşa təsirini görmürəm”, - NATO-nun baş katibinin xüsusi nümayəndəsi vurğulayıb.