Biz Qarabağda itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və itkin düşmüş yaxınlarını onlarla birlikdə anırıq.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bildirib.
Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə yayılmış bəyanatda deyilir:“Qarabağ münaqişəsi ilə əlaqədar olaraq regionda minlərlə insan itkin düşmüşdür. Bundan qat-qat artıq insan isə öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır. Bu insanların daima yaşadığı qeyri-müəyyənlik bir çox hallarda onları emosional cəhətdən tükədir və həyatlarında sağalmaz yaralar qoyur. Valideyninin, həyat yoldaşının və ya övladının başına nə gəldiyini bilməmək bu ailələrin çiyinlərinə dözülməz dərəcədə ağır yük qoyur. Onlar ümidlə ümidsizlik arasında, qeyri-müəyyən vəziyyətdə qalır, yas saxlaya bilmirlər”.
BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdən də danışıb:
“Biz aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir, texniki bilik və səriştəmizi, dünyanın digər ölkələrində qazandığımız təcrübəmizi paylaşmaqla Azərbaycanın hakimiyyət orqanlarının fəaliyyətlərinə yardım göstəririk”.
BQXK-nın Baş direktoru cənab Roberto Mardini bildirib:
“İstərdik ki, itkin düşmüş şəxslərin ailələri bilsin ki, onların yaxınları unudulmur. Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik”.
Xatırladaq ki, rəsmi məlumata əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 3890 nəfər Azərbaycan vətəndaşı hələ də itkin düşmüş hesab olunur. Onların çoxunun taleyi haqqında məlumat yoxdur.