Kompleks spesifikdir və Ermənistanın öz təhlükəsizliyi istiqamətində həll etdiyi məsələlər üçün demək olar ki, uyğun deyil. Kompleksə 500 km dərinlikdə işləyə biləcək kəşfiyyat vasitələri lazımdır. İrəvanda onlar yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə “Svobodnaya pressa”ya verdiyi müsahibəsi zamanı “Arsenal oteçestva” jurnalının baş redaktoru, Rusiya Federasiyası hökuməti yanında hərbi-sənaye komissiyasının sədri yanında Ekspert şurasının üzvü Viktor Muraxovski Rusiyanın Ermənistana “İskander M” taktiki-əməliyyat raket komplekslərinin satışına dair məsələni şərh edərkən bildirib.
İyulun 2-də Ermənistanın “Jamanak” (Zaman) qəzeti ölkənin iqtidar partiyasına yaxın mənbəyə istinadən bildirmişdi ki, Ermənistan Rusiyadan “İskander” almağa ümid edir.
Mənbənin iddiasına görə, komplekslər Rusiyanın məhz silah almaq üçün nəzərdə tutulan imtiyazlı krediti çərçivəsində alınacaqdı.
Xatırladaq ki, iyunun sonunda İrəvana Moskva tərəfindən 200 mln. dollar kredit verilməsinə dair razılıq əldə edilib. Ermənistanın Müdafiə Nazirliyindən bildiriblər ki, pullar “Pantsir-S” zenit raket-top komplekslərinin, “Tiqr” zirehli maşınların, raket əleyhinə komplekslərin və s. silahların alınmasına sərf ediləcək.
Muraxovskinin sözlərinə görə, “İskander” aerodrom, idarə məntəqələri, rabitə qovşaqları kimi stasionar hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.
“Ermənistanın ümdə vəzifəsi isə ölkənin müdafiəsini təmin edəcək vasitələrə sahib olmaqdır”, - ekspert deyib.
Gümrüdə yerləşən 102 saylı Rusiya bazasına gəldikdə isə, Muraxovskinin fikrincə, orada TƏRK labüd deyil:
“Bizim hərbçilərimizə uzaq məsafəli RYAS, HƏM sistemləri lazımdır. Bütün bunlar isə orada var”.