Son hadisələr göstərir ki, Moskvanın post-sovet məkanında iki ən sadiq müttəfiqi – Belarus və Ermənistan Rusiyanın Qərblə qarşıdurması fonunda onunla münasibətlərinə yenidən baxa bilərlər.
Oxu.Az “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə Stratfor analitik mərkəzinin hazırladığı məruzədə bildirilir.
Mərkəzin ekspertləri xatırladırlar ki, yanvarın 29-da Belarus prezidenti Aleksandr LUkaşenko keçirdiyi mətbuat konfransında sazişlərə əməl olunmadığı təqdirdə Belarusun Moskvanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqından çıxacağını istisna etməyib, lakin eyni zamanda vurğulayıb ki, Rusiya ilə inteqrasiya dərin və möhkəmdir.
Stratforun analitikləri qeyd edirlər ki, Ermənistan Rusiyanın əsas rol oynadığı Dağlıq Qarabağa görə Azərbaycanla münaqişədə artan çətinliklərlə qarşılaşır.
Mərkəz analitiklərinin rəyinə görə, Belarus və Ermənistan böyük ehtimalla Rusiyaya yönəlik strategiyalarını davam etdirəcəklər, lakin Moskva və Qərbin arasındakı mübarizənin nə ilə nəticələnəcəyindən asılı olaraq, daim mövqelərinə yenidən baxacaqlar.
Məruzədə hər ölkə ayrıca nəzərdən keçirilir. Qeyd olunur ki, Ermənistan uzun müddətdir Rusiyanın strateji müttəfiqidir. Ermənistanın Moskvaya yönəlik siyasətinin əsas amili Azərbaycanla olan Dağlıq Qarabağ münaqişəsidir.
“Rusiya de-fakto Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ermənistanda yerləşən 5 minlik rus hərbi birləşməsi Azərbaycanın ərazilərin qaytarılması üzrə mümkün cəhdlərini saxlayır, həmçinin Ermənistanın böyük regional dövlətlər – Türkiyə və İranla sərhədlərini qoruyur”, - deyə, materialda bildirilir.
Stratforun analitikləri qeyd edirlər ki, Ukrayna böhranı Dağlıq Qarabağ münaqişəsinə də təsir edib:
“Ermənistan-Azərbaycan qoşunlarının bütün təmas xətti boyunca gərginlik artıb, 2014-cü ilin avqustunda zorakı insidentlər baş verib, noyabrda isə Azərbaycan ordusu erməni helikopterini vurub. Azərbaycanın enerji ehtiyatlarına olan tələbatla əlaqədar və Rusiyanın diqqətini daha çox Ukraynada cəmləşdirməsi səbəbindən manevr üçün böyük imkanları var”.
“Bu amillər Ermənistanın Rusiyanın təhlükəsizlik qarantı məqsədinə sadiq qalıb-qalmadığı barədə suallar verməsinə gətirib çıxarır, xüsusilə də nəzərə almaq lazımdır ki, Moskva vurulmuş erməni helikopteri ilə bağlı məsələyə zəif rekasiya göstərib. Ermənistan cavabında hansısa güclü hücumlar həyata keçirməyib, yanvarın 27-də isə erməni müdafiə naziri Seyran Ohanyan vurulmuş helikopterin kursdan yayındığını, buna görə işdən çıxarılanların olduğunu etiraf etdi”, - deyə, məruzədə vurğulanır.
Tədqiqat mərkəzinin analitiklərinin rəyinə görə, bu etiraf Ermənistanın Rusiya ilə münasibətlərinə yenidən baxa biləcəyinə, bu məqamdan isə Qərb və Türkiyənin istifadə etməyə çalışa biləcəklərinə dəlalət edir.
Buna baxmayaraq, məruzə müəllifləri güman edirlər ki, Ermənistan “Rusiyadan çox uzaqlaşmamaq üçün əvvəlki kimi ehtiyatlı olacaq”.
“Hətta bir müddət əvvəl Gümrüdə rusiyalı hərbçinin erməni ailəsini öldürməsinə və bununla əlaqədar Ermənistanda başlayan etiraz aksiyalarına baxmayaraq, rəsmi İrəvan Moskvanı dəstəklədi. Ohanyan bildirdi ki, bu insident erməni-rus münasibətlərinə mənfi təsir etməməlidir və vurğuladı ki, Ermənistanda rus bazasının olması böyük regional tapşırqıları həll edir”, - deyə, ekspertlər bildirirlər.
Rusiyanın hərbi yardımı Ermənistan üçün son dərəcə vacibdir, lakin Dağlıq Qarabağ münaqişəsinin davam etməsi yaxud onun kəskinləşməsi Ermənistanın Rusiyaya olan münasibətinə dəyişikliklərə gətirə bilər, Stratforun analitikləri hesab edirlər.