Azərbaycan Respublikasının qanunlarına riayət edərək, Nyu-York Times qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Nyu-York Times” qəzetinin əməkdaşlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq bildirib.
“Nyu-York Times tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün Nyu-York Times əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası xarici işlər nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib,” şərhdə deyilir.