Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olunub.
Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edilib. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13:27
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.
Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə raport verib.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Ərdoğan Bakıda İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB + FOTO
13:01
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
10:48
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğanın olduğu “CAN” xüsusi təyyarəsi yerli vaxtla 09:10-da Bakıya doğru havaya qalxıb.
Türkiyə prezidentini Atatürk hava limanında prezidentin köməkçisi Fuat Oktay, İstanbul valisi Vasip Şahin və başqaları yola salıb.
Ərdoğanla yanaşı, Türkiyənin müdafiə naziri Hulusi Akar da Bakıya gəlir.