Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Prezident: Bunu edənlərin vicdanı, imanı yoxdur
Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq. Amma, eyni zamanda, biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin çərşənbə axşamı keçirilən iclasında qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsi ilə bağlı danışarkən bildirib.
Dövlət başçısının sözlərinə görə, “bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır”.
“Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır.
Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”, - deyə, İlham Əliyev qeyd edib.