Mən məişət tullantıları ilə bağlı müvafiq göstəriş vermişəm. Bu sahə Bakı şəhərində lazımi səviyyədə tənzimlənmir. Ona görə, vahid bir zəncir yaradılmalıdır - qapıdan ta Balaxanı məişət tullantılarının emalı zavoduna qədər. Ona görə, indi müvafiq qurumlar bu məsələ ilə bağlı təkliflər hazırlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə binaların həyətlərinin abadlaşdırılması barədə göstəriş verilib:
“Orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”, - deyə, İ. Əliyev bəyan edib.