28 
Mar
2022
14:24
2811
33
5682
Virtual karabakh

Rusiyanın Azərbaycandakı səfirinə Oxu.Az-ın açıq məktubu: Öhdəliklərinizi nə zaman yerinə yetirəcəksiniz?

28 Mar, 2022
14:24
5682

Rusiyanın Azərbaycandakı səfirinə Oxu.Az-ın açıq məktubu: Öhdəliklərinizi nə zaman yerinə yetirəcəksiniz?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az kollektivi adından Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikova açıq məktub...

Cənab səfir, son günlər baş verən hadisələr fonunda sizin fəaliyyətinizdə müşahidə olunan sükut Azərbaycan ictimaiyyətinə dünya ədəbiyyatına misilsiz kəlamları miras qoymuş, rus xalqının iftixar mənbəyi sayılan dahi Fyodor Dostoyevskinin bu kəlamını xatırladır:

“Dostum, xatırla ki, susmaq yaxşıdır, təhlükəsiz və gözəldir”.

Belə təəssürat yaranır ki, siz də Azərbaycan Respublikasında Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri olaraq öz fəaliyyətinizdə dahi ədibin bu hikmətli sözlərini rəhbər tutmusunuz. Ancaq nəzərinizə çatdırmaq istərdik ki, indi məqam susmaq məqamı deyil. Ölkələrimiz və xalqlarımız arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə yaraşmayan halların baş verdiyi, əksər hallarda bu münasibətlərə kölgə salmağa çalışanların peyda olduğu bu məqamda sizdən daha fəal olmağınızı, məsələlərə adekvat reaksiya verməyinizi gözləyir və tələb edirik.

Yəqin ki, siz də Rusiyada Azərbaycanın bir sıra saytlarının heç bir əsas olmadan bloklanması barədə əsassız və qərəzli qərarlardan xəbərdarsınız.

Maraqlıdır ki, “Roskomnadzor”un (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) müvafiq qərarı ilə söz azadlığına, demokratiyaya, plüralizmə zidd davranışına hələ də reaksiya vermir, Azərbaycana və onun mediasına qarşı aparılan bu ədalətsiz kampaniyanın sonlanmasına cəhd göstərmirsiniz. Halbuki, siz Rusiyanın Azərbaycandakı səfiri kimi ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına və tarixi ənənələrinə sadiq xətt üzrə irəliləməsinə birbaşa cavabdeh şəxslərdənsiniz.

Belə olan halda açıq şəkildə Azərbaycanla münasibətlərə xələl gətirən, xalqlarımız arasındakı dostluq münasibətlərinə zərər vuran bu cür destruktiv addımlar qarşısında susqunluğunuzu davam etdirməkdə qərarlı görünməyiniz təəccüb doğurur.

Rusiya Federasiyasının Ali Qanunu - Rusiya Konstitusiyasının 29-cu maddəsində birmənalı şəkildə hər kəsin fikir və söz azadlığı təmin olunur. Bu zaman isə “Roskomnadzor”un Oxu.Az da daxil olmaqla Azərbaycan mətbuatının bir sıra orqanlarına qarşı sözügedən qeyri-qanuni qərarına, mətbuatın şəffaf fəaliyyətinə əngəl törədən bu “təşəbbüs”ə reaksiya belə verməməyiniz ikiqat heyrətimizə səbəb olur.

Haqlı olaraq Azərbaycan ictimaiyyətində sual yaranır ki, siz – cənab səfir, Azərbaycanda Rusiya dövlətinin təmsilçisi kimi nəyə görə ədalətin və həqiqətin aliliyini müdafiə etmirsiniz? Nəyə görə, azad və tərəfsiz Azərbaycan mətbuatına qarşı bu hücumların əsassız xarakteri barədə bir cümlə belə söyləməyi özünüzə borc bilmirsiniz?

Bundan əlavə, gözünüzdən yayınan digər məqamları da diqqətinizə çatdırmaq istəyirik.

Artıq xeyli müddətdir ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla bağlı heç bir həqiqətə söykənməyən və qərəzli informasiyaları Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. Bəli, məhz narazılıq. Sizin isə vəzifəniz bu narazılıqları sezmək, araşdırmaq və aradan qaldırılması istiqamətində əməli iş görməkdir.

Bu səbəblə diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Üstəlik, Rusiya Müdafiə Nazirliyinin son açıqlamalarda bir qədər də irəli gedilərək, guya Azərbaycanın sözügedən suveren ərazisində hansısa “erməni ordu birləşmələri”nin mövcudluğu kimi fikrin iddia olunmasına cəhd müşahidə edilir. Bir daha xatırlatmaq istəyirik ki, Azərbaycanın suveren ərazilərində qanunsuz erməni birləşmələri hansısa ordu və ya silahlı qüvvə kimi qələmə verilə bilməz.

Separatçıların qanunsuz silahlı birləşmələrinin ərazidə bu günə kimi mövcud olması və təxribatlarına davam etməsi birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatını müddəalarının kobud şəkildə pozulmasıdır.

Üstəlik, erməni separatçı və terrorçularının bu günə kimi silahsızlaşdırılmaması Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin də fəaliyyətinə kölgə salmaqdadır.

Cənab səfir, sizə növbəti dəfə cavabsız qalan və cavabı bizləri dərindən maraqlandıran sualla müraciət etmək istərdik:

Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və üstəlik onun suveren ərazilərində sülhməramlı missiya icra edirsə, Rusiya Müdafiə Nazirliyində Azərbaycan əraziləri ilə bağlı mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən, Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına məhəl qoymayaraq bu kobud “səhv”ində israr edən qüvvələr hansı maraqlara xidmət edir?

Bu qüvvələrin Rusiya dövlətinin maraqlarına zidd fəaliyyətinə nəyə görə və kimlər tərəfindən göz yumulur? Nəyə görə sizin tərəfinizdən (əslində, bu sizin birbaşa vəzifənizdir) Rusiya Müdafiə Nazirliyinin və sülhməramlı kontingentin Azərbaycan ictimaiyyətini qıcıqlandırmağa yönəlmiş qərəzli fəaliyyətləri diqqətdə saxlanılmır, nəyə görə sözügedən məqamlar rəsmi Moskvanın nəzərinə çatdırılmır? Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov hansı haqla Azərbaycan əraziləri barədə hansısa separatçı ifadəni (Arsax – red.) bu cür rahatlıqla səsləndirə bilir?

Sizin bir diplomat olaraq vəzifəniz Bakıda Rusiya dövlətinin maraqlarına xidmət etməklə yanaşı, eyni zamanda Azərbaycanla münasibətlərin real mənzərəsini müşahidə edib, rəsmi Moskvaya məlumat vermək deyilmi?

Bu cür çoxsaylı narazılıqlar, bir diplomat olaraq sizin gözünüzdən necə yayına bilər? Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu cür açıq təxribat xarakteri daşıyan fəaliyyətlərin doğurduğu kəskin narazılıq sizin tərəfinizdən nəyə görə diqqət mərkəzində saxlanılmır?

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın altında Rusiya Prezidenti Vladimir Putinin atdığı imza sizi öz işinizə daha məsuliyyətli davranmağa sövq etmirmi? Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığında bu cür aşkar pozuntulara göz yumanların həm öz dövlətinin liderinin imzasına, həm də yüzillərdir dostluq münasibətlərinizin mövcud olduğu xalqa qarşı hörmətsizliyi hansı əsasla görməzdən gəlinir?

Azərbaycan ictimaiyyəti heç zaman Rusiya xalqına qarşına mənfi əhval-ruhiyyədə olmayıb və ölkəmizdə bu istiqamətdə hər hansı bir meylin olmasını da müşahidə edə bilməzsiniz. Azərbaycan postsovet məkanında rus dilinə və rusdilli əhalisinə qarşı daim tolerant mövqeyi ilə seçilən və onların bütün azadlıqlarına hörmətlə yanaşan ölkələr siyahısında ilk pillədə dayanır.

Mixail Zabelinin rəhbərlik etdiyi Azərbaycan Rus İcmasının müharibəyə dəstək xarakteri daşıyan bəyanatı isə heç də Azərbaycanın və ölkəmizdə yaşayan rus əsilli Azərbaycan vətəndaşlarının mövqeyini ifadə etmir. Müharibənin ağrılarını, onun gətirdiyi dəhşət və dağıntıları yaxşı bilən Azərbaycan xalqı, eləcə də onun rus əsilli vətəndaşları birmənalı olaraq M.Zabelinin rəhbərlik etdiyi müharibəyə dəstək xarakterli fikirləri dəstəkləmir və heç bir halda bu mövqeyi paylaşmırlar.

Bundan əlavə, diqqətinizə çatdırmaq istərdik ki, Rusiya Federasiyasının MDB, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) də fəaliyyəti, xüsusən Yevgeni Primakovun rəhbərliyi dövründə Azərbaycana qarşı qərəzlidir və hətta aşkar təxribatlara yol verilməsi ilə xarakterikdir.

Məsələn, ötən il noyabrın 11-də “Rossotrudniçestvo”nun Moskva ofisində keçirilən “Donbass uşaqlarından - Qarabağ uşaqlarına” adlı sərgini xatırlada bilərik. Bu sərgidə “Qarabağ uşaqları” dedikdə isə “Rossotrudniçestvo” heç də Ermənistanın təcavüzü nəticəsində hüquqları kobud şəkildə pozulan azərbaycanlıları nəzərdə tutmayıb. Təəssüf ki, federal agentlik bununla yalnız Azərbaycana qarşı separatçı iddiaları dəstəklədiyini ortaya qoyub. Bu “sərgi”də müharibənin dəhşətlərini yaşamış Azərbaycan vətəndaşları deyil, məhz ermənilər təmsil olunub.

Yeri gəlmişkən, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov barədə də kiçik bir xatırlatma etməyi özümüzə borc bilirik. Görünür, fəaliyyəti ilə ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyan Y.Primakov Azərbaycan ictimaiyyətinə Bakıdakı 20 Yanvar qırğınının əsas təşkilatçılarından biri kimi olduqca tanış olan babasının yolunu davam etdirmək və onun “məşhur”luğunu kölgədə qoymaq niyyətindədir. Üstəlik, onun Azərbaycana qarşı qərəzli mövqe tutmasında da məhz babasının Azərbaycanda “məşhur”luq səbəbinin dayandığını güman etməyə ən azı yuxarıdakı misalda qeyd olunan məsələ bizə əsas verir.

Cənab səfir, xatırlatmaq istərdik ki, cari ilin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bəyannamənin birinci bəndində qeyd olunur:

“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Düşünürük ki, sadəcə bu bənd belə Azərbaycan ictimaiyyətində yaranmış narazılığı əsaslandırmaq üçün kifayət qədər tutarlı fakt mahiyyətindədir.

Rusiya Müdafiə Nazirliyinin son günlər verilən bəyanatları, sülhməramlı missiya və komandanlığının fəaliyyətindəki pozuntular, “Roskomnadzor”un Oxu.Az da daxil olmaqla bir sıra Azərbaycan saytları ilə bağlı heç bir hüquqa əsaslanmayan qərarı, eləcə də “Rossotrudniçestvo”nun suallarla dolu fəaliyyəti məhz bu müddəaya birbaşa ziddir və dövlətlərimiz arasındakı münasibətlərdə destruktiv rol oynayır.

Cənab səfir, yuxarıda əksini tapan məqamların hər birini diqqətinizə çatdırmaqla süni yaradılmış gərginliyin sona çatması üçün əlinizdən gələni etməyiniz üçün sizə çağırış edir, eyni zamanda bunun sizin vəzifə öhdəlikləriniz sırasına daxil olduğunu xatırlatmaq istəyirik.

Sonda Rusiya xalqı üçün əziz və iftixar mənbəyi olan dahi ədib Fyodor Dostoyevskinin daha bir hikmətli kəlamından sitata müraciət edirik:

“Heç kim ilk addımı atmır, çünki hamı bunun qarşılıqlı olmadığını düşünür”.

Biz isə sizə açıq məktubla müraciət edərək problemlərin həlli üçün ilk addımı atmağı, ən azından buna təşəbbüs göstərməyi özümüzə borc bildik. Ümid edirik ki, bu addım qarşılıqsız qalmayacaq və Azərbaycan mətbuatının və ictimaiyyətini ciddi narahat edən məqamlara tərəfinizdən diqqət yetiriləcək, bu təşəbbüsümüz müvafiq tədbirlərin görülməsi və problemlərin həlli üçün cəhd göstərməyinizə töhfə verəcək...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri