Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SEPAH polkovnikinin öldürülməsi, səhnə arxasındakı kəşfiyyat oyunları – TƏHLİL + FOTO
İran İslam Respublikasında tüğyan edən etiraz aksiyaları Tehranın rəqiblərinə əhəmiyyətli dərəcədə kəşfiyyat fəaliyyəti üçün enerji dolu qidalar verir.
Sözsüz ki, aksiyalar sosial tələblərlə zəngin olsa da, indiki məqamda onun yönləndirilməsi hallarına cəhdlər də reallaşır, çünki İran bir çoxları üçün qatı düşməndir.
Hərçənd ki, İran həmişə xarici düşmən axtarışları ilə də məşğul olur, səbəb isə ölkədəki idarəetmənin yaratdığı acınacaqlı mənzərənin iqtisadi mahiyyətini ört-basdır etməkdir.
Elə bu cür ziddiyyətlərin yaratdığı xaotik tablo Tehranla əks qütbdə dayananları İranın içərilərinə doğru itələyir.
Baş verənləri kəşfiyyat müharibəsi kimi analiz etmək məntiqinə ehtiyac yaranır, çünki nə İran, nə də İsrail bir-birlərinə olan amansız düşmən obrazından ayrılıblar.
İranın kəşfiyyat xidmətinin xarici istiqamətlərinin gündəliyində israilli biznesmenləri öldürmək planları əsas xətt kimi görünür, beynəlxalq mətbuatın icmalından çıxarış edərək bu tezisimizi irəli sürürük.
Amma MOSSAD-ın gücü və əlaqələri sayəsində Tehran həmin sui-qəsd planlarını həyata keçirməkdən məhrum olur və tərəflər arasındakı mübarizə başqa fazaya daxil olur.
İran üçün sosial etirazlar xarakterikdir, bu, birinci hal deyil, lakin son zamanlar İranda bir neçə xarici vətəndaşın casus kimi saxlanılması İranın kəşfiyyat poliqonuna çevrildiyini göstərir.
Onsuz da, atılan hər bir addıma adekvat tədbir görülür, indiki halda İsrailin və onun yardımı ilə Qərbin kəşfiyyat dairələrinin İrandakı koordinasiyalı işinin izlərini görmək mümkündür.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşı, polkovnik Sayad Xodai mayın 22-də Tehranın mərkəzində, avtomobilində güllələnib və o, hadisə yerində ölüb.
Ona motosikletlə hərəkət edən silahlılar atəş açıblar. Sadə İran vətəndaşlarının bunu etməsi çətindir, qətl peşəkar, düşünülmüş və sistemli işin tərkib hissəsidir.
İranda güclənən sosial etirazlar fonunda ölkənin əsas kəşfiyyat-təhlükəsizlik orqanının polkovnikinin qətli ittihamları İsrailə yönəldir.
Hələ 2020-ci ilin noyabrın sonlarında Tehranda nüvə alimi Möhsün Fəxrizadə də silahlı hücum zamanı öldürülmüşdü, bu dəfə isə eyni aqibəti SEPAH üzvü yaşadı.
İran özü də SEPAH zabitinin ölümündə İsraili təqsirləndirir və bu, onun etirafıdır ki, ölkədə İsrailin kəşfiyyat orqanları özünə əməlli-başlı yer edib.
İran Prezidenti Seyid İbrahim Rəisi sui-qəsdə görə qisas alınacağına söz verib, yəqin ki, indi İsrail də, Qərb də güclü təhlükəsizlik çağırışları ilə üz-üzədirlər.
İran rəsmi şəkildə bəyan edib ki, Sayad Xodainin öldürülməsi qırmızı xətlərin keçilməsidir, bunun açıqlaması budur ki, Tehran qisas planları üzərində düşünür.
SEPAH polkovnikini İsrailin qətlə yetirməsini göstərən əlamətləri İsrail mətbuatındakı yanaşmalardan hiss edirik. Həmin zabitin son zamanlar israillilərə qarşı sui-qəsd həyata keçirməyə cəhd etdiyi bildirilir, İsrail isə bu mərhələdən qalib kimi ayrıldı.
İsraildə hesab edirlər ki, SEPAH zabitinin missiyası beynəlxalq arenada qətl və hücumlar həyata keçirmək olub, hətta bir az da irəli gedərək onun gizli bölmənin komandiri kimi fəaliyyət göstərdiyi qeyd olunur.
İsrail mediasındakı bu məlumatlar, sözsüz ki, sıradan jurnalist araşdırması yox, birbaşa kəşfiyyat məlumatlarıdır. Bu dərəcədə geniş məlumatlar onun göstəricisidir ki, qətldən qabaq həmin şəxs haqqında kəşfiyyat məlumatları toplanıb və öldürülməsi üçün əsaslar yarandığına qərar verilib.
İrandakı həm daxili, həm də xarici faktorlarla əlaqədar yaranan qeyri-sabitlik Qərbin nüvə danışıqlarında Tehran üzərində təzyiq formalaşdırmaq üçün əsaslarını çoxaldır.
Çünki İrandakı iqtisadi durumun bir səbəbi qlobal böhrandırsa, digər tərəfi onun sanksiyalar girdabında olmasıdır. Ona görə də Qərb İsraili güzəşt masasına gətirmək üçün sanksiya amilindən gen-bol yararlanır.
İsrail isə bu danışıqlara ümumiyyətlə qarşıdır, hesab edir ki, nüvə danışıqları İranın nüvə silahı əldə etməsi ilə nəticələnəcək.
İran-İsrail münasibətlərindəki düşmənçilik kəşfiyyat fəaliyyətlərini gücləndirəcək və İsrail bu “müharibə”də daha güclü tərəf kimi çıxış edir.
Aqşin Kərimov
Rəylər