Tanınmış estrada müğənnisi Günel Ələkbərova ilə boks, kikboksinq idman növləri üzrə dünya və Avropa çempionu Anar Süleymanov Yeni il ərəfəsində maraqlı layihəyə imza atıblar.
Oxu.Az xəbər verir ki, türkiyəli fotoqraf Cihan Devecinin kamerası qarşısına keçən məşhurlar Yeni İl personajlarını özlərinə məxsus şəkildə canlandırıblar.
Cihan Deveci Oxu.Az-a verdiyi açıqlamasında layihə barəsində bunları deyib:
“Türkiyədə yaşayan memar-dizayner dostum Halime Coşkun Azərbaycanda özünün bir çox ideyaları gerçəkləşdirib. Halime xanımın Yeni ilə özəl hazırladığı qeyri-adi şirniyyat maketi, dəmir tellərdən hazırladığı Şam ağacı, çox fərqli divar və masa dekorunu fotolarla daha canlı etmək qərarına gəldim.
İlk dəstək idmançı Anardan gəldi. O, bədəninin bütünlüklə qrim olunacağını bilə-bilə Santa Claus obrazını canlandırmaqdan imtina etmədi. Qar qız obrazını isə müğənni Günel Ələkbərova canlandırdı”.
Qeyd edək ki, obrazlar üzərində stilist Elnur Nəsibli, vizajistlər Anastasiya Qordienko Retouch, Burcay Baltacı, qrim ustası Maqsud Məmmədov çalışıblar.
Aytən Sadıqzadə
www.oxu.az