Əməkdar artist Almaz Ələsgərli sosial şəbəkələrdə təhqir yazan istifadəçiləri top atəşinə tutub. Sənətçini özündən çıxaran “Kim olmusan?” sualı olub.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, “Hər şey daxil” verilişində Almaz xanım onların cavabını verib:
“Boş-boş şərhlər yazırlar, fikirlərini acı sözlərlə ifadə edirlər. Belə insanlar xəstədirlər. Səviyyəli biri başqasının xətrinə dəyməz. Elə olur, yazırlar ki, kim olmusan?
Mənim elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam. Sonradan 50 manata, 100 manata toya getmişəm. Bunu gizlətmirəm və utanmıram da. Səmimi olmaq lazımdır. Çünki o zaman özün də rahat olursan. Kim olursansa ol, özünü elə aparmalısan ki, təhqiramiz sözləri qazanmayasan. İnsanlar süni müğənniləri efirdə görəndə əsəbiləşirlər.
Bəzi müğənnilər efirə çıxıb deyir ki, 12 min manata paltar geyinirəm və ya paltarımın qiyməti 15 min manatdır, ya da ayaqqabım 5 min manatdır. Belə şeylər insanı qıcıqlandırır. Tamaşaçı da o sözləri deyənin keçmişini bildiyi üçün əsəbiləşir ki, gör əvvəl necə olub, indi çıxıb nə danışır. Özləri bu şəraiti yaradırlar ki, onlara bu sözləri desinlər.
Amma hərdən qurunun oduna yaş da yanır. Mən qeyri-səmimiyyətdən uzağam. Nə var, onu deyirəm. Kim olduğumu gizlətmirəm”.