Teleqraf.com-un "Brifinq" rubrikasının budəfəki qonağı tanınmış rejissor Aqil M.Quliyev olub. Şəxsi həyatından tutmuş klip çəkilişlərinin incəliklərindən danışan rejissor kinonu ərsəyə gətirən komandanın çatışmazlığından danışdı.
Qızı ilə münasibətlərinin korlandığını deyən Aqil bəy əmisi ilə də əlaqəsinin olmadığını dilə gətirdi. Aqil M.Quliyev hazırda türk şirkətləri ilə çalışan müğənnilər Aygün Kazımova və Röyanın işlərini dəyərləndirdi.
Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:
Niyə Sizi kino cameəsi qəbul eləmir?
- Çox maraqlı vəziyyət yaranıb. Məni şou-biznes qəbul eləmirdi ki, sən kino adamısan, lazım olmayan təhsilin var. Söhbət düşəndə təhsil söhbəti ilə onlara təsir edirdim. Kino aləmi məni şou-biznes aləmi adamı kimi qəbul edir, həddən artıq populyar, qlamur, özündən razı.
Yəqin ki, Azərbaycan stereotip təsəvvüründə rejissor bədbəxt, balacaboy, kök, yazıq obrazındadır. Özünəinam və özündən razılıq tamamilə başqa şeylərdir. Niyə də özümə inamım olmasın, hər gün heç olmazsa bir abzas öz sənətim haqda oxuyuram, bir filmə baxıram. Camaat gedir ailə qurub uşaqlarına baxır. Elə olur sutkalarla ofisdə qapını bağlayıb işləyirəm, yeni serialları izləyirəm. Mən iki aləm arasında qalmışam.
- Söylədiniz ki, istədiyinizi çəkə bilmədiyiniz üçün klip çəkilişlərindən uzaqlaşdınız, bir ara Sizi ləng işləməkdə suçlayırdılar. Deyirdilər ki, Aqil yalançıdır. Hətta Faiq Ağayev, Röya ilə problemlər də yaşadınız...
- Bəli, Aqil yalançıdır, narkomandır, bazdır, min dənə epitet qoşdular. Belə baxanda “mavi”dən başqa hər şey deyiblər. Bu insanların 99 faizinin xəbəri yoxdur ki, istehsalat nədir, bilmirlər ki, ssenari yazılmalıdır, bunun üzərində operator çalışmalıdır, rəssam olmalıdır. Çox adama klipdə rəssam olmalıdır deyəndə qayıdır ki, doğrudan, papa canı? Mən həmişə işimi öz arxivim üçün görürəm. Baxmamışam ki, pulum, vaxtım gedir.
Çox vaxt pulum gedib, bir köpük qazanmamışam, üstünə də pul qoymuşam ki, arxivimdə bu işlər olsun. Kliplər olub ki, sponsor pulu olub, müğənni məndən pul tələb edib ki, ondan mənə də ver. Bunlar hamısı kadr arxasındadır. Susmuşam ki, görüm axırı necə olacaq. Hamısı keçib, arxada qalıb. Müğənnilərə kimsə həyatda həqiqəti deməli idi də, bu da nəyə görəsə mən oldum. Faiqlə klip üstündə söhbətimiz olub, keçib.
- Faiq Ağayev işinə məsuliyyətlə yanaşır, ona görə Sizinlə anlaşa bilməməsi qəribədir...
- Biz Faiqlə bir yerdə Mədəniyyət və İncəsənət Universitetində eyni vaxtda oxumuşuq. O, musiqili-komediya, mən kinorejissoruluq şöbəsində təhsil almışam. Onun ilk solo-konsertinin rejissoru mən olmuşam. Faiqlə münasibətimiz həmişə olub. O klipin söhbəti oldu, keçdi. Belə fikir vardı ki, Aqil ləng işləyir.
Sadəcə keyfiyyətli məhsulun üzərində gərək işləyəsən. Mənim üçün əsas odur ki, bu işi mən görürəm, ortaya çıxanda haqqımda nə deyəcəklər. Müğənnilər başa düşmür ki, bunu çəkib qurtaranda tarixdə qalır. Sabah öləndə bu qalır, elə eləməlisən ki, dədəmin goruna söyməsinlər.
- Bəs Röyanın işini necə qiymətləndirisiniz?
- Röyanın işbirliyini deyə bilmirəm. Məncə, o hansısa şirkətlə işləmir. Həmişə olduğu kimi, öz bildiyini eləyir. Röyanın çox nadir tembri var. Röyanın uğuru bir neçə amildən asılıdır. Səsin tembrinin nə olduğunu mən bilirəm. Röyanın həyatı özü bir əfsanədir.
O, faktiki olaraq Zoluşkadır. Ən aşağıdan ən yuxarı qalxan insandır. Məhz kasıb qızlar Röyaya inamla baxır ki, o bacardı, mən də bacararam. Ona görə də Röya müasir, kapitalist Azərbaycanda bir simvoldur. Röya qaranlıqda bir işartıdır, insanlar işıq görür ki, onda alındı, məndə də alına bilər.
Röya o işığı camaata, kasıb əhaliyə verir. Təbii ki, sadə, səmimi, öz bildiyini edəndir. Aygünlə daha çox reklam çəkmişəm, nəinki klip, Röya ilə klip də, reklam da təxminən bərabər sayda çəkmişəm. Mən şou-biznesə də gətirən əl olmuşam. O vaxt dublyaj işlərində Aygünün, Samir Bağırovun səsini yazmışam. Röyanın konsertlərinin reklamını eləmişəm. Bu insanlardan maddi asılılığım olmayıb. Həmişə reklamla qazanmışam.
Röya oturan yerdə gəlib deməmişəm ki, qurban olum, axırıncı mahnın var anam o gün eşidəndə elə ağladı ki, elə texnikanı ödəyərsən, onu sənə çəkim. Heç vaxt bu səviyyəyə alçalmamışam. Həmişə sənətimə hörmət eləmişəm ki, mənə zəng edib işi sifariş etməlidirlər. Bizim sexdən çox uşaqlarla soyuq münasibətdəyəm, çünki rejissor sənətinə hörmət qoymurlar. Rejissor çəkiliş qrupunda elitaya aid olan sənətdir. Rejissorun meydançada həm zəhmi, həm hörməti olmalıdır.
Təbii ki, onun dalında dayanmalısan, həm də maddi cəhətdən. Bizə həmişə öyrədiblər ki, süfrədə aktyorlar oturan yerdə mütləq “şot”u rejissor verməlidir. Bu cür xırdalıqlar var. Bizdən sonra gələnlər o məktəbi görmədi. Tofiq Tağızadə bizə vaxt ayırırdı, Azərbaycan kinosunun kitabında olan adamdır.
Otururdu, bizimlə çay içirdi, elə xırdalıqları izah edirdi ki... Bizim fakültəyə kinostudiya çox isti münasibət göstərirdi. Mənim bəxtim gətirdi ki, Ayaz Salayev, Şamil Nəcəfzadə ilə işlədim, Rasim Ocaqovun filmində stajor oldum, Şahmar Ələsgərov, Nazim Abbasov bizə çox yaxşı münasibət göstərirdi.
- Niyə bizim kliplərimizdə yeni ideya yoxdur? Musiqi ilə uyuşma səviyyəsi çox aşağıdır?
- Musiqili klip janrı belədir ki, ön planda olan ifaçı və musiqidir. İfaçı, doğrudan da, ulduzdursa, musiqi fraqmenti hitdirsə, dəniz qırağında ştativsiz çəksən də hit olacaq. Problem ifaçıdan başlayır.
Bunların səhnə qabiliyyəti, zahiri görünüşü, kamera qarşısında özünü apara bilməməsi, musiqi çox vacibdir. O vaxt toylar başlayanda dedim ki, bu işi dəyişəcək, eşitmədilər. Konsert üçün işləyən qrup başqa formatda işləyir, toy üçün işləyənlər başqa.
Toy bütün şou-biznesi dəyişdi. Musiqini, insanları dəyişdi, tamamilə başqa ifaçılıq sənəti yarandı. Mən əslində buna görə qırağa çəkildim. Digər tərəfdən, bizim çox böyük senzuramız var, bizdə sovet vaxtından daxili senzuramız qalıb. Müəyyən kanal var ki, deyir ki, "qızın sinəsi görünməsin".
Bunlar heç olmazsa, bunu açıq deyirlər. Nə badə Azərbaycan klipində oğlanla qız öpüşə. Azərbaycanda seks yoxdur, azərbaycanlılar ağacda bitir axı. Bu qadağalar var. Oğlanla qız arasında münasibəti necə göstərəsən? Yazıq rejissorlar nə etsin? Yataq yox, öpüşmək yox, qızı vurmaq yox, sındırmaq olmaz ki, bahadır. Göstərməyə bir şey yoxdur axı. Oğlan-qız, telefon filan.
Dəniz qırağında qol-qola 122 dənə klip var artıq. Hazırda 2-3 ildir Miri Yusifin kliplərində yeni ideyalar əmələ gəlir. Toy qolunu götürəndə mətndə nə var, ekranda o olur. Mətn də nədir? Sən məni atdın, mən səni atdım. Niyə bir kanalda Beyons “kupalnik”də oynaya bilir, amma həmin kanalda kimsə bizimkilərdən ondan hələ abırlı çıxanda biz hay-küy qaldırırıq? Daxili senzuranı başa düşürəm.
Amma niyə onu qəbul edirik, bunu yox. Bizdə kinoda da bu dərd vardı. Həmişə yataq çəkilişləri olan rollara xarici aktrisalar gəlir. Bizim müğənni klip çəkdirəndə əsas məqsədi odur ki, siması yadda qalsın, toylara dəvət eləsinlər. Klipdə nə göstəriləcəksə, hamısı “rasxod”dur, ondansa maşına verərəm yanaşması var.
Bizim müğənnilər üçün indiki dövrdə ev, maşın, qızıl, geyim daha üstündür. İndi kasıb olmaq ayıb bir şey sayılır. Bu, mənəviyyatsız yanaşmadır. Kasıb, varlı və orta təbəqəyə bölünmə bütün cəmiyyətlərdə olub. Biz bilirik ki, varlı adamlar kimdir, nəçidir, hələ ona bəraət də qazandırırıq.
Biz kiminsə məşuqəsinə “xanım” deyə bilirik, ofisiant işləyən qıza “xanım” deməyə dilimiz dönmür. Nəyə görə? Halbuki qız səhər saat 7-də durub halal zəhmətilə camaata qulluq edir ki, evinə çörək aparsın, o xanım daha hörmətli insandır, nəinki başqa yolla bahalı maşını üstümüzə sürən.