“Bu gün bəzi müğənnilərin beş-on min manat verib “YouTube”da mahnılarını yalandan trend etmələri, onların bizim səviyyəmizdə olması anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, “gəlin, mahnınızı trend edək…” Mən özüm-özümü niyə aldadım? Bu gün mənə də deyirlər ki, “Instagram” sosial şəbəkəsindəki səhifənin izləyicilərinin sayını artıraq, iki-üç milyon izləyicisi olsun”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi pulla mahnılarını “YouTube”da trendə salan və efirlərdə populyarlaşdıran ifaçıları özü ilə bir səviyyədə görmədiyini bildirib:
“Mən klip təqdimatı edəndə, Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev kimi məşhurlar gəlib. “YouTube” mahnıları trend olan dediyiniz ifaçılar el şənliklərində, məclislərdə iştirak edən müğənnilər olublar. Sonradan efirdə kommersiya xarakterli verilişlər açılıb, onlar öz mahnılarını orada təqdim ediblər. Zamanında kliplərim və klip təqdimatlarım üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam.
Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. Mənim ilk dəfə səhnə çıxışım Heydər Əliyev Sarayında olub və məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər o səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır.
Toy müğənnisi əgər toyda oxuyub pul qazanırsa, bu, onun şou göstərdiyi anlamına gəlmir. Bu, şou-biznes deyil. Mənə elə gəlir ki, şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır”.
Ayan Babakişiyeva: “Pul verib, efirə çıxmamışam” - VİDEO
Rəylər