Əməkdar artist Aybəniz Haşımova toyda rastlaşdığı hadisədən söz açıb.
Oxu.Az xəbər verir ki, müğənni öz Facebook hesabında gördüklərinə münasibət bildirib:
“Şadlıq evlərinin birinin pilləkənindən düşəndə görürəm ki, oğlanlar bir-birini qırırlar. Soruşuram ay bala, nə olub bunlara? Biri cavab verir ki, rəqs meydançasında rəqs edərkən bunun qolu dəyib onun arvadının qoluna, ona görə də dava edirlər.
Yaxşı, adama deyərlər ki, sənin arvadının “Dəli Kür” filmindəki kimi, ortada nə işi var idi ki, indi adamı günahkar hesab edirsən? Bu gün toylarda peşmansan bir mahnı ifa edəsən, dərhal hamı tökülür meydana. Vaxt var idi qonaqları adlı, minnətli dəvət edirdilər rəqsə. Toya gələn qonaq da bu ailə üçün nə qədər dəyərli olduğunu görürdü.
İndi toydan gedirsən, ev yiyəsinin sənin heç getməyindən belə xəbəri olmur. Çünki tanıdı-tanımadı hər kəsə dəvətnamə verirlər. Ay qurban olum sizə, toya yaxından tanımadığın, ailənə çox yaxın olmayan insana dəvətnamə verməzlər. Pul yığmaq xatirinə toya min nəfər dəvət etməzlər. Pulun yoxdursa, az adam dəvət et. Vacibdirmi tanımadığın insanları pul xatirinə toya dəvət edirsən? Adam yorğanına görə ayağın uzadar. Ona görə də toyun ortasında, “qolun arvadımın qoluna dəydi”, - deyə davalar düşür”.
