Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu illərdən sonra birlikdə kameralara yaxalanıblar.
Oxu.Az ATV-də yayımlanan “Onlar” verilişinə istinadla xəbər verir ki, Namiq konsertlərdən birinin səhnə arxasında müsahibə verərkən içəri Aygün Kazımova daxil olub. Ətrafdakıların diqqətinin onlarda olduğunu görən meyxanaçı xalq artistinə yaxınlaşaraq görüşüb. Aygünün Namiqə “Toyun nə vaxtdır?” sualına meyxanaçı “İnşallah, xəbər edəcəyəm” cavabını verib.
Daha sonra birgə kamera önünə keçən ikili aralarında küsülülük olmadığını vurğulayıblar:
“Münasibətimiz çox gözəldir. Aygün xanımın ad günündə iştirak etmədim. Eşitdiyimə görə, tədbirdə mənə uyğun obraz tapılmayıb. Aygün xanımın şəxsi işidir, istəsə dəvət edər, istəməzsə yox. Bizim münasibətlərimizi düşmənçiliyə yozurlar. Halbuki, dostluğumuz davam edir. Kameralar burda olmasaydı, dərhal Aygün xanımla görüşəcəkdim. Sadəcə ajiotaj yaranmasını istəmirdim. Mən onun uğurlarına hər zaman sevinirəm”.
Xalq artisti də meyxanaçının sözlərini təsdiqləyib:
“Bəli, təsdiqləyirəm. Bir-birimizə qarşı küsülülük, düşmən münasibətləri yoxdur. Ən azından birlikdə nəhəng 7 ili arxada qoymuşuq, səhnədə külüng döymüşük”.
Bu vaxt xalq artisti Brilliant Dadaşova da eyni məkana daxil olub və Aygün Kazımova ilə üzbəüz əyləşib. Lakin xalq artistləri bir-birilə salamlaşmayıblar. Hətta səhnədən enərkən belə bir-birilərini görməməzlikdən gəliblər.
Aytən Sadıqzadə
www.oxu.az