“Yeni ulduz - 2” müsabiqəsinin iştirakçılarından olan Aygün Rəhimova müsabiqə ərzində maraqlı performansları ilə yadda qalmışdı.
Müğənni Oxu.Az-a gələcək planları barədə danışıb:
“Hal-hazırda “Qanun naminə” adlı çoxseriyalı televiziya filmində çəkilirəm. Tamaşaçılar məni serialın ikinci bölümündən görməyə başladılar. Mən orada “Almaz” obrazını canlandırıram. “Almaz” dələduz qadın obrazıdır”.
Qeyd edək ki, “Qanun naminə” çoxseriyalı televiziya filminin ssenari müəllifi İsmayıl İmanov, rejissoru Xanlar Ağayev, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Rəşad Həşimovdur.
A.Rəhimova eyni zamanda, yeni mahnılar üzərində çalışdığını söylədi:
“Serialda işlərim səngiyən kimi rejissor Xanlar Ağayevlə maraqlı işbirliyi ilə gündəmə gələcəm. Yeni mahnılar üzərində işləyirəm. Klip çəkdirməyi də planlaşdırıram”.
Aytən Sadıqzadə
www.oxu.az