Hakkı Manço və Rikkat Uyanık Manço ailəsinin təməlini 1940-ci ildə qoyublar. Cütlük İkinci Dünya Müharibəsi illərində doğulan ilk uşaqlarına “Savaş” adını verib.
Oxu.Az xəbər verir ki, 1942-ci ildə Rikkat Uyanık ikinci dəfə hamilə qalır. 1943-cü ilin ilk günündə daha bir oğlu dünyaya gəlir. Ailənin qəlbində elə bir sülh həsrəti var imiş ki, Manço ailəsinin yeni qonağına düşünmədən “Barış” adını qoyurlar.

Barış Manço səhnəyə ilk gəlişini belə xatırlayır:
“Ata tərəfindən musiqi ilə olan əlaqəm çox köhnə illərə dayanır. Atamın anasının babası o zamanın məşhur bəstəkarlarından olan Tanburi Əli Əfəndidir. Ana tərəfinə gəlincə, anamın atası çox gözəl ud və skripka çalar, mahnı bəstələyərmiş. Həmin bəstələrin yazıldığı dəftər bu gün evdədir. Amma notlar itib. Onun oğlu, yəni dayım Uğur Yüzbaşıgil peşəkar skripka ifaçısı idi. Dayımın oğullarından Şafak Yüzbaşıgil də musiqiçidir. Anam Rikkat Uyanık İstanbul Radiosu və Konservatoriyasına illərini vermiş bir sənətçidir. Sonra hansısa səbəbdən musiqini atıb. “Bir inada görə musiqini atdım. Əgər sən musiqiçi olmasaydın vərəm olar, ölərdim. Musiqi eşqimi səninlə təmin etdim” deyərdi hər zaman.
Barış Mançonun ailəsində sənətçilər çoxdur. Bəs, ailənin ən şöhrətli musiqiçisi Barış, musiqiyə necə başlayıb? Onu Barış Mançonun özündən öyrənək:

“Anamın dediyinə görə kiçik yaşlarımda musiqi istedadım var imiş, amma musiqilə heç maraqlanmırmışam. Halbuki, layla bilməyən anam, məni və qardaşlarımı yatırtmaq üçün layla yerinə dayanmadan klassik türk musiqisindən əsərlər söyləyərmiş. Uşaqlıq illərimdə musiqi ilə məşğul olmaqdansa, müxtəlif obrazlara girərək tamaşa göstərməyi çox sevərdim. Heyran olduğum adam kimdir, bilirsinizmi? Ulubatlı Həsən... Hər dəfə onu yamsılayardım”.
Barış Mançonun musiqilə bağlı ilk xatirəsi anasını qısqanmasıdır. Hadisə belə olub:
Bir gün Barış anası ilə birlikdə dost məclisinə gedir. Yeyib-içməkdən sonra sıra əyləncəyə gəlir. Ətrafdakıların israrı ilə Rikkat xanım yeni bəstələdiyi bir mahnını söyləyir: “Nə günüm gün, nə gecəm bənzəyir artıq gecəyə. Sonu başlanğıcı yox, döndü ömür bilməcəyə”. İfa bitəndən sonra alqışlar səslənir. Barış, alqışları eşidincə birdən ayağa qalxır. Anasına üzünü tutaraq “Sən müğənnisənsə, mən də müğənniyəm” deyərək o anda uydurduğu bir mahnını oxumağa başlayır. “Bu, mənim sənət həyatımda eşitdiyim ilk qısqanclıq hissidir!”,- deyir Barış Manço.

Aradan illər keçir. Barış yenə də musiqi ilə maraqlanmır. Nəhayət, 14 yaşında Bill Haleyin filmlərdən birini seyr etdikdən sonra musiqiyə aşiq olur. O zaman anasına ona bir musiqi aləti alması üçün yalvarır. Anası oğluna gitara alaram deyir və ertəsi gün Barışa vəd etdiyi gitaranı ona hədiyyə edir.
“Gitaranı əlimə aldığım gün dərhal bir melodiya ifa etdim. Orta məktəbdə oxuyurdum. Dərslər liseyə nisbətən yüngül olduğu üçün uzun müddət gitara ilə məşğul olmaq fürsətim olurdu. Anam gitaranı yaxşı öyrənməyim üçün mənə gitara dərslərinə yazılmağı məsləhət gördü. Lakin akordlar üzərində çalışmaq məni qısa zamanda sıxdı. Dörd dərsdən sonra imtina etdim. Anam çarəsiz qalıb mənə not dərslərini özü öyrətməyə başladı.
Anamın dərslərində qadına xas bir yumşaqlıq, analıq hissindən doğan bir başqalıq vardı. O, mənə gözəl səsi ilə mahnılar söyləyirdi ki mən bunu çox sevirdim. Bəzən həftə sonunda səhərə qədər anamla musiqi ilə məşğul olur, o barədə söhbətlər edirdik. Anam mənə alaturka musiqisini incəliyinə qədər öyrtəmişdi. Bizim anamla musiqi ilə məşğul olmağımız qısa zaman ərzində bacım İncini qısqandırdı. İnciyə dərhal bir piano alındı. Amma o məşğul olmadı, buna görə piano mənə qaldı. Dünyalar mənim olmuşdu sanki…”.
Aradan iki il keçir. Barış Manço artıq gitara çalmağı, mahnı oxumağı yaxşı öyrənmişdi. Məktəb yoldaşları ilə birlikdə “Barış Manço və Kafadarlar” adında orkestr yaratmışdı.
Barış həmin qış boyunca kiçik konsertlərdə iştirak edir, bəzi klublarda çalışırdı. Sonrakı il “Barış Manço və Harmoniler” adlı yeni qrup yaradır. Bir il içində “Barış Manço və Harmoniler”in adı peşəkar orkestrlər qrupu kimi böyüyür.

1961-ci ildə birlik “İlin Ən Yaxşı Amatör Orkestri” seçilir. Eyni il Azadlıq Foto Agentliyinin tərtib etdiyi yarışmada Barış Manço “Dream Girl” adlı bəstəsi ilə “Ən yaxşı pop musiqi bəstəkarı” olur.
1962-ci ildə Barış ilk iki valını hazırlayır: “Let'S Twist Again” və “Kızılcıklar Oldumu”.
“Kızılcıklar Oldumu” valı Rikkat Uyanık tərəfindən ifa olunan folklor mahnıdır. Lakin val daha satışa çıxarılmadan Barış liseyi bitirir və təhsilinə davam etmək üçün Belçikaya, böyük qardaşının yanına gedir.
“Əvvəl Belçikaya gedib, Belçika Kral Akademiyasına sənədlərimi verdim. Sonra Parisin yolunu tutdum. Parisdə məni aclıq və səfalət gözləyirdi. Günlərlə işsiz, ac gəzdim Paris küçələrində. Ofisiant işləyirdim, benzin stansiyalarında çalışırdım. Bu arada bir də şöhrət mübarizəm oldu bu şəhərdə. Məni şöhrətə çatdıracaqlarına söz verən şəxslər, mənə çəki atmağı söylədilər. Yeməyib, içməyib 20 kilo birdən verdim. Bu bir az da pulsuzluqdan oldu, nə isə ... Sonra “Sən fransız dilini bu cür bilməklə, nəinki mahnı oxumaq, heç fit də çala bilməzsən” dedilər. Onların acığına fransız dilimi bir az təkmilləşdirdim. Paris studiyalarında “Baby Sitter” adında bir val hazırladım. Həmin il Olympia-da gənc sənətçilərə ayrılan bir gecədə iki mahnı ifa etdim”.
Barış Manço 1965-ci ilə qədər Avropadan geri dönmür. Amma Türkiyədə də unudulmur. “Kızılcıklar Oldu mu” vətəndə böyük maraq oyandırmış və Barış Manço xaricdə olmasına baxmayaraq Türkiyənin məşhur səsləri arasına adını yazdırmağı bacarmışdı.
1966-ci ilin yazında Barış “Les Mistigris” adlı fransız qrupu yaradıb, yaz tətilində konsertlər vermək üçün Türkiyəyə gəlir. Klublarda çalışır. Orkestri ilə birlikdə “Seher Vakti” adlı val hazırlayıb, Belçikaya geri dönür. Beləliklə, hər il yaz tətillərini Türkiyəyə gəlir, yeni vallar hazırlayır.
1969-cu ildə Barış Manço “Kayqısızlar”la birləşir. Və ilk Anadolu turnesinə çıxır. Həmin qrupla birgə “Ağlama Değmez Həyat” adlı valı Barış Mançonun səsini bütün Türkiyəyə eşitdirir.
Artıq Barış Manço özünü Türkiyəyə qəbul etdirmiş bir müğənni olmağı bacarır. Birincilik üçün tək bir pillə qalır. Və bu rəqəm “Dağlar Dağlar”la olur.
Bu mahnı 1971-ci ildə ən sevilən mahnısı seçilir. Barışa bir platin val, ondan da əhəmiyyətlisi milyonların sevgisini qazandırar.
(Yazı: Mine Baykara - “Səs Jurnalı” - 8 Mart 1972)
Aytən Sadıqzadə