Ötən gün Heydər Əliyev Sarayında “Bu şəhərdə”nin aktyorları “UZİ-n ağ olsun” adlı konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, aktyorlar Rafael İskəndərov və Coşqun Rəhimov konserti məşhur “Milyonçu” filminin soundtrekinin sədaları altında rəqs edərək açıq elan ediblər.


“Bu şəhərdə”nin yaranmasının 14-cü ildönümünə həsr olunan konsertdə bir-birindən maraqlı səhnəciklər təqdim olunub. İstedadlı və sevilən aktyorlar “Bank”, “Almaniya - Braziliya matçı”, “UZİ-n ağ olsun”, “Hər səhər”, “Toy” adlı bir-birindən maraqlı nömrələri ilə zalda əyləşənləri güldürməyi bacarıblar.












Ənənəvi olaraq aktyorlar maraqlı parodiyalar nümayiş etdiriblər. Rafael və Coşqun “Space” telekanalında yayımlanan “Hər səhər” verilişinin aparıcısı, əməkdar artist Əkbər Əlizadəni, müğənnilər Xatirə İslam və Cavad Rəcəbovu yüksək peşəkarlıqla təqlid ediblər.





Tamaşaçılar tərəfindən maraqla qarşılanan nömrələrdən biri son zamanlar sosial şəbəkədə özünü “Dünyanın ən zil səsli” müğənnisi kimi təqdim edən Maral Tahirqızının təqlidi olub.










Aktyorlarla bərabər səhnədə xüsusi dəvət olunmuş sənət adamları, istedadlı gənclər və uşaqlar da çıxış edib. Onların arasında rəqqasə Fatimə və azyaşlı tələbəsi, xanəndə Arzu Əliyeva, əməkdar artist Mehriban Xanlarova və digərləri olub.
Zalda əyləşənlərin sırasında isə Respublikanın tanınmış simaları - xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, Tünzalə Əliyeva, aparıcı Kamilə Babayeva, aktrisa Ülviyyə Əliyeva, aktyor Allahverdi Yolçuyev, idmançı Fərid Mansurov və digərləri yer almışdı.


“UZİ-n ağ olsun” adlı konsert proqramının aparıcılığı isə Saleh Bağırova həvalə olunub.
Müəllif və foto: Aytən Sadıqzadə
www.oxu.az