Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Səhnədə çıxış edərkən yalnız ifa və performansım haqqında düşünürəm.
Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova yarımfinaldan dərhal sonra keçirilən mətbuat konfransında söyləyib.
Dilarə Kazımova jurnalistlərin “Mayın 10-da Avropanın öz alovunu sizinlə bərabər işıqlandıracağını düşünürsünüzmü?” – sualını cavablandırarkən deyib:
“Hər kəsə təşəkkür edirəm, çox sağ olun. Mənə səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Möhtəşəm şou göstərmək arzusundayam. Komandamızın üzərində çalışdığı performans alındı”.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. İnsanlar bir-birinə, ətrafındakılara qarşı daha duyarlı olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.
Ölkəmizin bu mötəbər yarışmadakı təmsilçisi Dilarə Kazımovanın səhnə performansının quruluşçu rejissoru isveçli rejissor və xoreoqraf Osa Enqman və yapon əsilli polşalı xoreoqraf Petr Torazava Giro, mahnının bəstəkarı Stefan Örndür.